AZ

“Putin dəqiq planlı, strateji düşüncəli lider olsaydı, beynəlxalq cinayətkar kimi axtarışda olmazdı...”

“Rusiyanın idarəolunma matritsası pozulub. Şoyqu, müdafiədən kənarlaşdırılıb, onun bütün komandası, generallar həbs olunub. Putinin təyin etdiyi yeni komanda – guya korrupsiyaya-filana bulaşmamış, əksinə, ona qarşı mübarizə aparan iqtisadçılar-filanlar da ordunu, ümumiyyətlə, idarə edə bilmirlər...”
 
“Sizinlə müsahibəyə başlamamışdan az öncə müəyyən vasitələrlə baxdım ki,  rusların ən ön cərgələri, səngərləri Pokrovskin şərq tərəfindəki məhəllələrdən 11, 4 km məsafədədir. Hələ həmin 11, 4 kilometri keçmək lazımdır və bunun üçün xeyli itki də verməli olacaqlar... Və onu  da dəqiq bilirəm ki, Ukrayna komandanlığı həmin istiqamətə seçmə qoşunlar göndərir...”
 
Ukrayna Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, hərbi-siyasi ekspert, polkovnik Elxan Nuriyevlə Moderator.az üçün bu dəfəki söhbətimizdə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin xeyli hissəsini nəzarətə götürməsi ilə paralel Rusiya ordusunun Donbasda, Pokrovsk şəhəri istiqamətində irəliləməsi və s. məsələlərə təhlil etməyə çalışdıq.   
 
-Elxan bəy, Ukrayna ordusunun Kursk vilayətinin xeyli hissəsini nəzarətə götürməsindən sonra  Kremlə bağlı bəzi kanallar və postsovet ölkələrindəki rusiyapərəst media belə bir versiyalar da səsləndirməyə başladı ki, guya “hər şey Putinin planı üzrə gedir və Ukrayna Kurska daxil olmaqla  əslində özünü tələyə salıb. Tezliklə Rusiya bunun əvəzini beşqat çıxacaq...” Və s. Sizcə, tutaq ki, belə bir plan var. Bu halda Putin ordusu Ukrayna ordusuna qarşı taktiki və strateji baxımdan uğurlu nə edə bilər ki? 
 
-Putin indiyə qədər nəyi bacarıbsa, edib. Onun diktatoru olduğu Rusiya Ukrayna xalqına qarşı nüvə silahından başqa, əlində olan bütün silahlardan istifadə edib. Məsələn, avqustun 25-dən-26-a keçən gecəki kütləvi raket və dron hücumu, necə deyərlər, planlı hücumlardan biri oldu. Putin Ukrayna adında dövlətin və Ukrayna adında xalqın, millətin olmadığını iddia edir ki, bu da çox gülünc görsənir. O ki qaldı o yanlış baxış və düşüncələrə ki, guya Putin dünyanı idarə edən insanlardan, hər şeyi dəqiq planlayan strateji düşüncəli liderlərdən biridir – xeyr, əsla belə deyil. Çünki strateji düşüncəli lider Avropanın mərkəzində öz qonşusuyla müharibə etməz və dövlətini, xalqını belə zavallı bir izolyasiya durumuna salmaz, özü də beynəlxalq cinayətkar kimi axtarışda olmazdı. Təbii ki, bütün bunlar zəif və məntiqsiz düşüncələrin məhsuludur... Mövcud gerçəklik isə ondan ibarətdir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin 4 faizə yaxın ərazisini nəzarətə götürüblər və getdikcə həmin ərazini genişləndirirlər... 
 
Bilirsiz, ümumiyyətlə, Rusiya dövləti, onun Silahlı Qüvvələri çox gülünc bir duruma düşüb... Deməli, Rusiya tərəfdə “Arbat” adlı erməni taboru var ki, bu günlərdə onun komandiri olan Armen Sərkisyan Kursk vilayəti ərazisində - Ukrayna ordusundan 15-16 km aralıda meşənin içərisində 4-5 evlik bir xutorda evlərdən birini yandıraraq video-çəkiliş aparır və deyir: “Biz- “Arbat” taboru bu kəndi Ukrayna işğalçılarından azad etdik”. Halbuki, xəritədə baxsaq, görərik ki, erməni komandirin göstərdiyi Nijnaya Polyana kəndi Ukrayna qoşunlarından, dediyim kimi, 15-16 km məsafədədir və Ukrayna hərbçiləri hələ oraya gedib çatmayıb. Baxın, Rusiya ümumilikdə bu erməni taborunun, onun komandirinin gülünc, sarsaq vəziyyətindədir... Rusiya tükənir, tükənməkdədir. Rusiya, inşallah, yaxın bir ay, ay yarım ərzində tamamilə tükənəcək. Təbii ki, Rusiya tərəfi bu gün iki müharibə aparır. Biri doğrudan da real savaşdır, yerüstü bir savaşdır ki, orada itkiləri həddindən artıq çoxdur. Bir də var, öz ictimaiyyətinə, dünya ictimaiyyətinə, o cümlədən postsovet məkanına təqdim etmək istədiyi informasiya müharibəsi... Həmin informasiya savaşında Kremlin müəyyən uğurları var.  Bununla mən demək istəmirəm ki, Rusiya ordusunun, Pokrovsk, Toretsk, Selidovo istiqamətində uğurları yoxdur. Var, təbii ki... Amma nəyin hesabına?.. Söhbət bundan gedir. Və təbii ki, bu gedişlə Rusiya, onun Silahlı Qüvvələri uzun müddət duruş gətirə bilməz...
 
-Kursk əməliyyatından sonra Ukraynanın, necə deyərlər, xeyli dərəcədə əl-qolu açıldı. Sizcə, bundan sonra Qərbin Rusiya-Ukrayna savaşına münasibəti nə dərəcədə dəyişdi...  
 
-Ukrayna, onun ordusu isə Kursk vilayətinin  xeyli hissəsini nəzarətə almaqla bütün dünyaya, xüsusən də Putindən hələ də qorxan Qərb müttəfiqlərimizə göstərdi ki, Rusiya ilə döyüşmək, onun ərazisində də hərbi əməliyyatlar keçirmək olar və hətta onu məhv etmək olar. Və Putinin on illər boyu car çəkdiyi guya ““qırmızı” xətlər keçilsə, yəni Rusiya ərazisinə özgə ölkənin ordusu girsə, hərbi doktrinasına uyğun olaraq Kreml nüvə silahından istifadə edə bilər” tezisi artıq gülünc bir istehza obyektinə çevrilib. Çünki Ukrayna tərəfindən həmin “qırmızı xətlər” çoxdan keçilib və artıq o xətlər qatı qırmızı, gilənar rəngində görünür.  Amma buna rəğmən Moskva, Putin nüvə silahı işlətməkdən danışmır və danışa bilmir və danışa bilməyəcəkdir də... Bütün bunları Qərbdəki müttəfiqlərimizə göstərərək biz tələb edirik ki, bizə silah vermisinizsə, icazə verin, ondan Rusiyanın uzaq hərbi obyektlərini vurmaq üçün də istifadə edək. Yoxsa Qərbin bizdən tələbləri ona bənzəyir ki, komandaya futbol stadionunun ikinci yarısına keçmək qadağan olunur, amma qol vurmaq və sonda qalib olmaq tələb edilir. Təbii ki, bu yanaşma da öz məfi nəticələrini verir, ona görə də Ukraynanın başqa əlacı yoxdur və özü öz gücü, potensialı hesabına əlindən gələni etməyə çalışır. Və mən özüm də bir hərbi sənaye kompleksi mütəxəssisi kimi bildirirəm ki, Ukraynanın Hərbi Sənaye Kompleksi ola bilsin, bir az ləng, amma hərtərəfli, kompleks şəkildə işə salınıb – ölkə bütün çətinliklərə rəğmən öz silahlarını özü istehsal etmək məcburiyyətində qalıb. Kifayət qədər keyfiyyətli silahlar istehsal edilir. Amma təəssüf ki, hələ də sayı azdır. Lakin getdikcə temp artır və bizim bu mənada xüsusi bir təlaş və təşvişimiz yoxdur...
 
-Amma ortalıqda bir reallıq da var ki, Rusiya Kurskdan Ukrayna qoşunlarını çıxara bilmir, amma əvəzində Ukrayna ordusu da onu Donbasda, xüsusən, sizin də qeyd etdiyiniz kimi, Pokrovsk istiqamətində durdura bilmir... Özü də Donbasda Rusiya qoşunlarının çox az hissəsi çıxarılıb. Orada təxminən 200 minə yaxın ordusu var... Bəs bunun sonu hara aparır? 
 
-Yaxşı, Putin Donetskdəki həmin hücumları Ukrayna qoşunlarını Kursk ərazisinə buraxmadan təşkil edə bilməzdi? Axı bu halda Kurskdakı qüvvələri məşğul olur və oraya əlavə qüvvələr yeritməyə məcbur olurlar. Bunlar, təbii ki, üzr istəyirəm, sərsəm düşüncələrdir. Sən gəl mənim ərazimə gir ki, mən də o tərəfdə “uğurlu əməliyyatlar” aparım?.. Gülünc məsələlərdir, bunun başqa adı, izahı yoxdur... Bilirsiz, həmişə dediyimiz kimi, Rusiyanın idarəolunma matritsası pozulub. Şoyqu, müdafiədən kənarlaşdırılıb, onun bütün komandası, generallar həbs olunub. Putinin təyin etdiyi yeni komanda – guya korrupsiyaya-filana bulaşmamış, əksinə, ona qarşı mübarizə aparan iqtisadçılar-filanlar da ordunu, ümumiyyətlə, idarə edə bilmirlər. Ordunun özündə bir sabotaj da hiss olunur. Amma, sözsüz ki, müəyyən muzdla, yəni pulla döyüşən döyüşçü qruplar var ki, onlar Pokrovsk istiqamətində irəliləyə bilirlər... Lakin bu heç də o demək deyil ki, Rusiya ordusu elə bu saat Pokrovsk şəhərini işğal edəcək. Və mən sizinlə müsahibəyə başlamamışdan az öncə müəyyən vasitələrlə baxdım ki,  rusların ən ön cərgələri, səngərləri Pokrovskin şərq tərəfindəki məhəllələrdən 11, 4 km məsafədədir. Hələ həmin 11, 4 kilometri keçmək lazımdır və bunun üçün xeyli itki də verməli olacaqlar... Və onu  da dəqiq bilirəm ki, Ukrayna komandanlığı həmin istiqamətə seçmə qoşunlar göndərir. Nədənsə “Putin hər şeyi bilir, hər şey onun planı üzrə gedir” deyənlər onu da demirlər ki, Xarkov istiqamətində Ukraynanın əslində hamının “Azov” adlandırdığı 3-cü əlahiddə hücüm briqadası iki istiqamətdə, o cümlədən Luqansk istiqamətində irəliləyiblər. Görəsən, bu da Putinin planıdır?(gülür). Putinin ağlı-huşu başında olsaydı, heç belə əməliyyatlara başlamazdı...
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
46
moderator.az

10Mənbələr