AZ

Maraq dünyamız

Onların yox olmasının daha bir səbəbi

66 milyon il əvvəl dinozavrların nəslinin qəfil kəsilməsinin səbəbi paleontoloqlar arasında hələ də mübahisə mövzusu olaraq qalmaqda davam edir və tez-tez yeni iddiaların gündəmə gəlməsinə səbəb olur. Bu dəfə isə Belçikanın Kral Rəsədxanasının alimləri daha bir fərziyyə ilə çıxış ediblər.

Elm adamları dinozavrların nəslinin kəsilməsinə səbəb kimi göstərilən, daha əvvəl irəli sürülən fərziyyəni təsdiqləyiblər. İndiyə qədər güman edilirdi ki, 66 milyon il əvvəl Yerə asteroid düşməsi nəticəsində  atmosfer ciddi toz çirklənməsinə məruz qalıb və sərt keçən qış dinozavrların yer üzündən silinməsinə  səbəb olub. Bəzi alimlər hesab edirdilər ki, toz hissəcikləri çox böyük olduğu üçün  atmosferdə uzun müddət qala bilməzdi. Ona görə də bu dəfə alimlər asteroidlərin toqquşmasından dərhal sonra əmələ gələn toz hissəciklərini ölçüblər. Nümunələr isə Şimali Dakotada olan Tanis ərazisindəki qədim göl çöküntülərində tapılıb. Qeyd edək ki, hissəciklərin ölçüləri 0,8 ilə 8 mikrometr arasında dəyişib. Belçikalı alimlər nəticədə belə qənaətə gəliblər ki, dinozavrların kökünün kəsilməsinə səbəb qayalardan gələn tozun Yerin atmosferində  Günəş şüalarının düşməsinə maneə törətməsi və bitkilərdə fotosintez prosesinin qarşısını almasıdır. Paleontoloji araşdırmalar göstərib ki, dinozavrlar 15 il ərzində iqlim şəraiti və qida çatışmazlığı səbəbindən tədricən məhv olublar.

Araşdırmanın nəticələri "Nature Geoscience" jurnalında dərc olunub.

Sən demə rəqs edəndə...

Almaniyalı elm adamları nevroloji sağlamlıqla rəqs arasında əlaqə tapıblar. Belə ki, Maqdeburq Universitetində aparılan araşdırmanın nəticələri göstərib ki, aktiv həyat tərzi keçirən və gün ərzində rəqsə zaman ayıran insanların beyni digərlərinə nisbətən gec qocalır.

Tədqiqat zamanı məlum olub ki, rəqs sadəcə əyləncə növü deyil, o, həm bədənə, həm də beyinə müsbət təsir göstərir. Araşdırma 75 yaşdan yuxarı yaşlı vətəndaşlar üzərində aparılıb. Təcrübəyə cəlb olunan iştirakçıların bəzilərinə rəqs, bəzilərinə isə fiziki işlərlə məşğul olmaq tapşırılıb.18 aydan sonra iştirakçılar yoxlanılıb və rəqsin daha yaxşı nəticə verdiyi qənaətinə gəlinib. Məlum olub ki, rəqs oriyentasiya və beynin yaddaşla bağlı bölgəsi olan hipokampusun həcminin artmasına səbəb olur.

Araşdırmanın nəticələrinə görə, digər fiziki hərəkətlər zehnin inkişafına rəqs qədər müsbət təsir göstərmir. Müntəzəm olaraq rəqslə məşğul olmaq əqli gerilik riskini 76 faiz azaldır. Nevroloq Robert Katsman izah edib ki, rəqs edən insanlar daha yüksək koqnitiv qabiliyyətə və mürəkkəb sinir hüceyrələrinə malikdir. Rəqs beyində neyronları bərpa etməklə neyroplastikaya kömək edir. Məhz bu səbəbdən elm adamları hesab edir ki, rəqs etmək Alzheymer xəstəliyi ilə mübarizədə ən yaxşı çıxış yolu ola bilər.

"Dəvəquşu effekti" nədir?

Həyatımız boyu bir çox qərarlar qəbul edirik. Onlardan bəziləri həyati əhəmiyyət kəsb etdiyi üçün yüz ölçüb bir biçirik. Bu qərarların bizə faydalı olacağını düşünərək çoxunu rasional verdiyimizə inanırıq. Lakin bəzən biz bilmədən, hiss etmədən qərarvermə prosesimizə bir çox psixoloji amillər təsir edir. Onlardan biri də "dəvəquşu effekti"dir. Bəs "dəvəquşu effekti" nədir?

Adətən dəvəquşular təhlükə hiss etdikdə başlarını quma basdırır və güman edirlər ki, kifayət qədər bu cür vaxt keçirsələr, təhlükə sovuşacaq. Bu xüsusiyyət insanlar üçün də xarakterikdir. Hətta insanlar arasında belə bir deyim də var: "Dəvəquşu kimi başını gizlətmə!". Bəzi insanlar özlərinə inamı qorumaq üçün mənfi məlumatlardan qaçır və xoşagəlməz hallarla qarşılaşdıqda bu, mövcud deyilmiş kimi davranırlar. Belə insanlar özləri üçün yaratdıqları obrazı məhv edəcək xoşagəlməz məlumatları görmək istəmirlər. Buna "dəvəquşu effekti" deyilir. Çünki xoşagəlməz məlumat beyin üçün paradoks yaradır. Rasional olaraq bildiklərimizlə emosional cəhətdən ağrılı olanlar arasındakı ziddiyyət, faydalı ola biləcək məlumatlardan uzaqlaşmağımıza səbəb olur.

Lakin əslində bu çıxış yolu deyil. Məlumatdan qaçmaq, qərarları gecikdirmək və ya təxirə salmaq sonradan daha pis nəticələrə səbəb olur. Bu qərəzliyi aradan qaldırmaq üçün beynin xoşagəlməz məlumatlara müqavimət göstərən və qorxan həyəcan sistemini söndürmək düzgün strategiya ola bilər.

Əməkhaqqı ilə yuxu rejimi arasında əlaqə var imiş

Finlandiyalı elm adamları bəzi insanların əməkhaqqının aşağı olmasının səbəbini tapıblar. Aalto Universitetinin mütəxəssisləri belə qənaətə gəliblər ki, insanların az maaş almaları onların normal yuxu rejiminə riayət etməməsi ilə əlaqəlidir.

Araşdırmada 1966-cı ildə finlandiyalılar arasında aparılan sorğunun nəticələrindən və 5 min iştirakçının xronotipi, onların vərdişləri, maaşları haqqında məlumatlardan istifadə edilib. Məlumat üçün qeyd edək ki, xronotip bədənin sirkadiyalı ritmlərinin fərdi, təkamül yolu ilə inkişaf etmiş və genetik olaraq əvvəlcədən müəyyən edilmiş xüsusiyyətləridir.

Tədqiqatçılar müəyyən ediblər ki, axşam xronotipinə malik olmaq əməkhaqqına dolayı təsir göstərir. Araşdırmanın nəticələri göstərib ki, gec yatan insanlar  fiziki cəhətdən  passiv olurlar və onlar siqaret, spirtli içki kimi qeyri-sağlam vərdişlərə daha çox meyil edirlər. Bu da əməkhaqqına təsir edir. Gələcəkdə müəlliflər bu nümunənin səbəb-nəticə əlaqələrini qurmaq üçün başqa bir araşdırma aparacaqlar.

Araşdırmanın nəticələri "Economics and Human Biology" jurnalında dərc olunub.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".

Seçilən
335
1
Mənbələr
Şərh ()
Bağla