AZ

İslam dini orqan nəqlinə necə yanaşır? – “Bütün səmavi dinlər bu məsələdə ittifaq ediblər ki…”

“Bu, həm Allaha, həm də Rəsuluna (s), İslama və müsəlmanlara qarşı hörmətsizlik deməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanın öldükdən sonra orqanlarını bağışlamağın İslamda icazəli olub, yaxud olmaması barədə danışan ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, İslam dini insan həyatına aid olan məsələləri, xəstəlikləri, onun müalicəsi üçün olan bütün məsələləri bildirib:

“Sağlam bədən insana verilən böyük nemətdir. Allah-Təala insana lütf edib ona sağlam bədən veribsə, bu, insan üçün ən böyük nemətdir. Çünki insanların əksəriyyəti bu neməti dərk etmirlər. İnsan o sağlam bədəni ilə özü üçün saleh, yaxşı əməllər, ibadətlər edərək, Qiyamət günündə çoxlu savab işlərlə Allahın hüzuruna çıxa bilər. İnsan bunun üçün çalışmalıdır. Bunu problem kimi qarşısına qoymalıdır. Allah Rəsulu (s) bir hədisində buyurub: İki nemət vardır ki, insanların çoxu bu iki nemətdən qəflətdədirlər. Bunlardan biri sağlamlıq içərisində olan bədən, digəri isə vaxtdır”.
İnsana verilən sağlam bədəni ilə o çoxlu savablar, saleh əməllər edə bilər.
Başqa bir sözündə Allah Rəsulu (s) buyurub ki, kim səhərə səhhət içərisində çıxarsa, ona bütün dünya içərisində olanlarla bərabər hədiyyə edilib”.

Ə.Həsənov qeyd edib ki, bütün dünyada orqan nəqli, orqan nəqlinin faydaları, zərərləri, İslam fiqhində orqan nəqlinin hökmləri haqqında müzakirələr gedir:

“Mövzu çox əhatəsi böyük və incə mövzudur. İslam dini ölkələrində orqan nəqli necə tənzim olunur? İslam dünyası bu məsələni necə dəyərləndirir? Bu məsələ ilə bağlı onu qeyd edim ki, ixtilaflı və istər İslam alimləri arasında, istərsə də müsəlmanlar arasında çoxlarının razılaşmadığı məsələdir. Əlbəttə, mən də xəta edirəmsə də, bununla razılaşmıram. Allahdan bağışlanmağımı istəyirəm. Orqan nəqli böyük bir mövzudur. Bu məsələyə bir çox prizmalardan yanaşmaq olar. Allah Rəsulu (s) insan dünyasını dəyişəndən sonra onun bədənin qüsl alınmasını, təmizlənməsini, gözəl bir şəkildə kəfənlənməsini, ətirlənməsini, bədənə qarşı hörmət göstərib dəfn edilməsini öz ümmətinə əmr etmişdir. Belə olduğu halda, kiminsə öz bədənini öldükdən sonra hörmətsiz hala gətirməsi və bunu əvvəlcədən vəsiyyət etməsi İslama görə bəyənilmir, hətta haram hesab edilir. Bu, həm Allaha, həm də Allah Rəsuluna (s), İslama və müsəlmanlara qarşı hörmətsizlik deməkdir”.

İlahiyyatçı əlavə edib ki, bütün səmavi dinlər ortaq olaraq bir məsələdə ittifaq ediblər ki, insan öldükdən sonra dəfn olunmalıdır və ittifaq ediblər ki, dəfn olunduqdan sonra ruh bədənə qayıdır:

“İslam dini də bunu təsdiq edir. Allah Rəsulu (s) bizə xəbər verib ki, insan dünyasını dəyişəndən sonra cənazə qəbirə qoyulur. Daha sonra ruh bədənə qaytarılır. Elm əhli cənazə qəbirə qoyulduqdan sonra ruhun bədənə qayıtmasında ittifaq ediblər, yəni icma ilə hamısı bunu qəbul ediblər. Orqan nəqli bəzi hüquqi tərəflərdən də baxanda cinayət hesab olunur. Çünki normal bir insanın özünə qəsd etməsi, başqasına qəsd etməsi, istər öz bədəninə, istərsə də başqasının bədəninə zərər vurması cinayət hesab olunur. Belə olduqda necə ola bilər ki, qorunmalı olan bədənimizi ölümümüzdən sonra belə olsa kəsilməsinə, yarılmasına icazə verə bilək? Bu mümkünsüzdür. Ancaq bu o demək deyil ki, hansısa müşkül məsələdə İslam öz həll yolunu göstərmiş olmasın. Yəni həyatın elə bir müşkül məsələsi yoxdur ki, islam onun həllini bildirməsin və islam ümməti o məsələni həll etməsin”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
yenicag.az

10Mənbələr