AZ

Harrisdən Trampa: "Putin səni naharda yeyər"

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp noyabr seçkisindən əvvəl ilk və bəlkə də yeganə seçkiqabağı televiziya debatlarını keçiriblər.

Demokrat.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, debatlar "ABC News"un canlı yayımında baş tutub.

Müzakirənin ilk hissəsi iqtisadiyyata həsr olunub. Aparıcı "Amerikalıların dörd il əvvəlkindən daha yaxşı yaşadığına inanırsınızmı?" deyə soruşub.

Harris ilk cavab verərək imkanlar iqtisadiyyatı qurmağı planlaşdırdığını söyləyib. O, mənzil qiymətləri problemini həll etməyi, gənc ailələrə və kiçik biznesə kömək etməyi vəd edib.

Tramp deyib ki, demokratlar dörd il ərzində iqtisadiyyatı məhv ediblər və Harris sadəcə Co Baydenin iqtisadi proqramını kopyalayıb.

"Marksist" Harris

Tramp Kamala Harrisi "marksist" adlandıraraq, onun fəaliyyətini atasının - Stenford Universitetinin keçmiş iqtisadçısının işi ilə əlaqələndirməyə çalışıb.

"Əgər o nə vaxtsa seçilsə, hər şeyi dəyişəcək. Bu, ölkəmizin sonu olacaq. O marksistdir, hamı bilir ki, o marksistdir. Atası iqtisadiyyat sahəsində marksist professordur və onu yaxşı öyrədib", - Tramp deyib.

Harris Trampa müraciət edərkən və onun bəyanatlarını şərh edərkən bir neçə dəfə "rüsvayçılıq" sözündən istifadə edib.

"Dünya liderləri Donald Trampa gülürlər. Mən hərbi rəhbərlərlə danışmışam, onların bəziləri sizinlə işləyiblər və onlar deyirlər ki, siz üzqarasısınız", - Harris keçmiş prezidentə tərəf çevrilərək deyib.

"Putin sizi "naharda yeyər"

Reklam fasiləsindən sonra söhbət Ukraynada münaqişəyə keçib.

Tramp bildirib ki, müharibə dayandırılmalıdır və o buna nail ola bilər. O, bir daha təkrarlayıb ki, bunu vəzifəyə başlamazdan əvvəl (əgər seçkilərdə qalib gəlsə) etmək niyyətindədir.

Onun sözlərinə görə, o, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenskini yaxşı tanıyır və onlar ona hörmət edirlər.

"Onlar mənə hörmət edirlər, Baydenə isə yox. Ona nəyə görə hörmət etsinlər ki?" - deyə Tramp bildirib.

Harris cavabında Trampa xatırladıb ki, seçkilərdə Baydenlə yox, onunla mübarizə aparır .

"NATO-dakı müttəfiqlərimiz sizin artıq prezident olmadığınıza görə çox minnətdardırlar. Əgər Donald Tramp prezident olsaydı, Putin indi Kiyevdə oturub Polşadan başlayaraq Avropanın qalan hissəsinə göz qoyardı", - deyə Harris bildirib.

"Putin elə diktatordur ki, sizi (Trampı) naharda yeyər", - deyə Harris əlavə edib.

Seçilən
106
23
demokrat.az

10Mənbələr