AZ

Azərbaycanda 1-ci sinifə gedən şagirdlərin sayı niyə AZALIR? - AÇIQLAMA

Son 7 ildə Azərbaycanda 1-ci sinifə başlayan şagirdlərin sayında əhəmiyyətli azalma müşahidə olunur.

 

Sfera.az bildirir ki, bunu təhsil məsələləri üzrə ekpert Kamran Əsədov deyib. Onun sözlərinə görə, 2017-2018-ci tədris ilində 164,523 uşaq birinci sinifə qəbul olunduğu halda, 2023-2024-cü tədris ilində bu rəqəm 132,261 nəfərə qədər azalıb:

 

“Bu isə 32,262 nəfərlik fərq deməkdir, yəni 7 il ərzində təxminən 20% azalma baş verib. Bu tendensiya çox ciddi demoqrafik problemlərə işarə edir və bir sıra təhlükələr yaradır. Hər il təxminən orta hesabla 4,5% azalma qeydə alınır. 7 il ərzində birinci sinifə gedən uşaqların sayı 32 min nəfər azalıb. Bu azalma davam edərsə, təxminən 10 ildən sonra bu rəqəmin daha da aşağı düşəcəyi gözlənilir”.

 

Ekspert 10 il sonra üçün mümkün proqnozu da açıqlayıb:

 

“Hazırkı azalma sürətinə əsasən, birinci sinifə gedən uşaqların sayının 10 il sonra daha da azalması gözlənilir. Əgər orta illik azalma nisbətini nəzərə alsaq, bu o deməkdir ki, təxminən 10 ildən sonra birinci sinifə qəbul olan uşaqların sayı 100,000 nəfərdən aşağı düşə bilər. Uşaqların sayının azalması gələcəkdə ölkənin əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığına səbəb ola, iqtisadiyyatın inkişafında problemlər yarada və bəzi sahələrdə işçi qüvvəsinə tələbin ödənilməməsi ilə nəticələnə bilər. Mövcud məktəb və təhsil infrastrukturunun uşaqların sayının azalması nəticəsində boş qalması ehtimalı var. Məktəblərdə siniflər dolmayacaq və resurslar tam istifadə edilməyəcək”.

 

K.Əsədov bildirib ki, uşaqların sayının azalması ölkədə əhalinin ümumi yaşlanmasına gətirib çıxaracaq:

 

“Bu da sosial təminat sistemlərinə və səhiyyə sektoruna ciddi təzyiqlər yarada bilər. Gənc əhali sayının azalması gələcəkdə ölkənin innovasiya potensialını da azaldar. Fikrimcə, uşaqların sayının azalmasının qarşısını almaq üçün ailələrə dəstək proqramları tətbiq edilməli, doğum səviyyəsini artırmaq üçün stimullar verilməlidir. Xaricdən işçi qüvvəsi cəlb etmək və ya əhalinin azalmasının qarşısını almaq üçün miqrasiya siyasətlərinə diqqət yetirilməli və müvafiq addımlar atılmalıdır. Bu azalma Azərbaycan üçün uzunmüddətli sosial-iqtisadi təsirlər yarada bilər. Ona görə də diqqətli şəkildə qiymətləndirilərək, uyğun tədbirlər görülməlidir”.

 

Günay Rəsulqızı

Seçilən
26
50
sfera.az

10Mənbələr