Bakı Mühəndislik Universitetində (BMU) 2024-2025-ci tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru Yaqub Piriyev ali məktəbin kollektivini və BMU ailəsinə daxil olan I kurs tələbələrini builki dərs ili münasibətilə təbrik edib. Rektor tələbəlik həyatına yeni qədəm qoyan gənclərin səylə çalışacaqlarına, vətənpərvər, müasir düşüncəyə malik insan kimi formalaşacaqlarına, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında böyük qələbələrə imza atan Vətənimizin daha da inkişaf etməsinə töhfələr verəcəklərinə əminliyini bildirib.
BMU-nun inkişafı üçün görülən işlərdən danışan Yaqub Piriyev nəzərə çatdırıb ki, universitetin maddi-texniki bazası möhkəmləndirilib, ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyalar yaradılıb, burada işlər yenidən təşkil olunub, o cümlədən akademik heyətin tərkibi gücləndirilib, tədris və elmi sahədə yeniliklər tətbiq edilib. Cari ildə universitetin beynəxalq nüfuzunun möhkəmlənməsinin də diqqətdə saxlanıldığını fikirlərinə əlavə edən rektor Avropanın ən mötəbər “QS Avropa 2025” reytinq cədvəlində BMU-nun ötən illə müqayisədə 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəldiyini, Qərbi Asiya universitetləri arasında isə 34-cü yerdə qərarlaşdığını deyib. Eyni zamanda bu il BMU-nun Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinə üzv qəbul edildiyini vurğulayıb.
Rektor bildirib ki, görülən bütün bu və digər tədbirlər BMU-ya builki qəbulun nəticələrinə müsbət təsir göstərib, universitetə 36 ixtisas üzrə ümumilikdə 2127 nəfər qəbul olub və bu da ötən illə müqayisədə iki dəfə artım, eləcə də universitetin tarixində bir ilk deməkdir. Yaqub Piriyev BMU-nu seçən yüksək ballı abituriyentlərin sayında iki dəfəyə yaxın artımın qeydə alındığını, qəbul olanların 265 nəfərinin 500-dən yuxarı, 52 nəfərinin isə 600-700 bal arasında nəticə göstərdiyini deyib.
Ali təhsil ocağının rəhbəri bu il BMU-nun 15-dən artıq məzununun xarici ali təhsil müəssisələrinin magistraturasına qəbul olmasından söhbət açaraq, onların “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsillərini ABŞ, Almaniya, Böyük Britaniyanın nüfuzlu universitetlərində davam etdirəcəklərini bildirib. Yaqub Piriyev builki tələbələri isə 2028-ci ildə proqramın qalibləri sırasında görəcəyinə inandığını sözlərinə əlavə edib.
Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev yeni tədris ilinin başlanması ilə əlaqədar universitetin müəllim və tələbə heyətini təbrik edib. İcra başçısı Abşeron rayonunda yerləşən yeganə ali təhsil müəssisəsi olan BMU-nun son illərdəki uğurlarını, qəbul planının və yüksək ballı tələbələrin sayındakı artımı universitetin inkişafı kimi qiymətləndirib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-humanitar sahədə aparılan islahatlardan danışan Abdin Fərzəliyev şəhid ailələrinə göstərilən qayğıdan geniş bəhs edib. İcra başçısı bu kateqoriyaya ayrılan xüsusi diqqətin nümunəsi kimi Abşeron Rayon İcra Hakimiyyətində şəhid ailələrinin ali məktəblərə qəbul olan övladları ilə bağlı gerçəkləşdirilən layihələri diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik Arif Həşimov çıxışında BMU-nun mühəndislik sahəsində əldə etdiyi uğurlara toxunub, tədris, fundamental və tədqiqi tədqiqatları bir arada tutan universitetin elm və təhsilə bu kompleks yanaşmasını müsbət dəyərləndirib. Akademik öz karyerasını mühəndislik sahəsində qurmağı hədəfləyən tələbələrə uğurlar arzulayıb, onlara tövsiyələrini verib.
Sonra bu il BMU-ya ən yüksək balla qəbul olan “Kimya mühəndisliyi” ixtisasının tələbəsi Fidan Paşayeva, həmçinin valideynlər adından “Kompüter mühəndisliyi” ixtisasının I kurs tələbəsi Zeynəb Əhmədovanın atası Teymur Əhmədov çıxış edərək ürək sözlərini çatdırıblar.