Sentyabrın 15-də Floridada Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı növbəti sui-qəsdə cəhd edilib. Düzdür, birinci dəfə baş verən sui-qəsdlə müqayisədə bu dəfə güllə Trampa dəyməyib.
Sui-qəsd cəhdində şübhəli bilinən şəxs isə Rayan Uesli Rutdur.
Məlumata görə, Rut silahın lüləsini Palm Biçdə (Florida) yerləşən Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 metr aralıda olub.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Trampın qolf klubunun qarşısında ATIŞMA OLDU - FOTO/VİDEO
“The New York Post” isə Rayan Uesli Rutun əvvəllər Ukraynaya səfər edərək Kiyev hakimiyyətinə dəstək verdiyini yazıb.
Nəşr qeyd edir ki, Rut Əfqanıstandakı münaqişənin amerikalı veteranlarının Ukraynaya göndərilməsi ideyasını irəli sürməyə çalışıb, həm də şəxsən Kiyevin tərəfində döyüşmək arzusunu ifadə edib.
Rut Ukrayna üçün vəsaitin toplanmasında da iştirak edib.
Qeyd edək ki, Trampa qarşı ilk sui-qəsd cəhdi iyulun 13-də baş vermişdi. O, zaman güllə Trampın yalnız qulağını yaralamışdı. Prezidentliyə namizədə qarşı baş verən ardıcıl ikinci sui-qəsd hadisəsi onun arxasında kimlərinsə dayandığına işarədir. Görünür, kimlərsə bununla ya Trampı qorxutmaq, ya da əksinə hadisədən bir şou düzəltmək istəyir.
Görəsən, bu sui-qəsdə cəhdlərin arxasında kim dayanır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov düşünür ki, Trampa qarşı sui-qəsd cəhdlərində ABŞ-ın hərbi-sənaye nəhəngləri maraqlı ola bilərlər:
“Bunun daha düzgün cavabını yəqin ki, istintaq verəcək. Amma ABŞ-da bir çox hallarda Prezidentlərə qarşı sui-qəsd cəhdinin üstünün açılması elə də asan olmur. Con Kennediyə qarşı 1963-cü ildə baş vermiş sui-qəsdin kim tərəfindən törədildiyi və motivini indiyə kimi heç kim bilmir. Trampa qarşı ardıcıl təşkil olunan sui-qəsdlərin arxasında kimlərin dayandığı, motivin nə olduğu, nə üçün bunu etdikləri aydın şəkildə bilinmir”.
Həmsöhbətimizə görə, Trampın seçiləcəyi təqdirdə Ukrayna müharibəsinə son qoyacağı vədi çox güman bəzi qüvvələri narahat edir:
“Mülahizələrdən biri odur ki, Tramp Prezident seçilərsə davam edən müharibələrin qarşısını alacağı vədini verib. Onun əsas hədəfi dünyanın dinc şəraitdə yaşamasıdır. Bu vəziyyətin yaranmasından isə ABŞ-ın hərbi-sənaye kompleksi narahat ola bilər. Çünki onların gəlirləri silah satışı və müharibələrlə bağlıdır. Belədə ABŞ-ın hərbi-sənaye kompleksinin Trampın verdiyi vədlərdən narahat olduqları da istisna deyil. Məhz bu kimi mülahizələr də geniş yayılıb”.
Rüfət Sultan, Bizim.Media