Azərbaycanın İraqa qızıl ixracını artırması üçün potensial var.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.
“İraqdan bir neçə böyük qızıl istehsalçısı və idxalçısı Azərbaycana səfər edəcəklər və bu kimi məsələlər müzakirə olunacaq”, – deyə o qeyd edib.
“Bu ilin yanvarında AZPROMO və şirkətlərimiz İraqda keçirilmiş beynəlxalq ticarət sərgisində iştirak ediblər. Azərbaycanın su istehsalçısı müqavilə bağlayıb, İraqa ixraca başlayıb. Bu, çox uğurlu göstəricidir və bu ənənəni davam etdirmək istəyirik”, – deyə AZPROMO rəsmisi əlavə edib.
O həmçinin əlavə edib ki, bu gün yaradılmış Azərbaycan-İraq Biznes Şurası iki ölkə arasında biznes əlaqələrini təşviq etməklə ticarət dövriyyəsinin artırılmasına çalışacaq, şirkətlərin çətinliklərini dövlətlərə çatdıracaq.