Özünü beynəlxalq hüququn “gözətçisi” kimi aparan ABŞ-ın maraqları naminə hüququ da, diplomatik etikanı da görməzdən gəldiyi, açıq şəkildə ikili standart mövqe sərgilədiyi sirr deyil. Dövlət Departamenti Ermənistanla bağlı məsələyə münasibətdə bunu bir daha etiraf etdi.
Dövlət Departamenti AZƏRTAC-ın ABŞ müxbirinin regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-in Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabında bildirib ki, “ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir”.
Vaşinqtonun bir ölkənin xarici siyasətində suveren hüququna hörmətlə yanaşması heç vaxt qeydə alınmayıb. Təcrübə də təsdiq edir ki, ABŞ onun maraqlarına uyğun siyasət yürütməyən ölkələri daim təzyiq altında saxlayır, hətta bir çox ölkəni öz milli maraqlarına zidd siyasət yürütməyə məcbur etməyə də cəhdlər göstərir. Ermənistana yanaşmada Dövlət Departamentinin cavabından belə çıxır ki, “ermənilər kimlə istəyirlər dostluq edə bilərlər, istər bizimlə, istər ruslarla”. Bu, ABŞ siyasətinin fəlsəfəsinə zidddir və açıq suallar yaradır: Rusiyanı Ermənistandan çıxarmağa və Cənubi Qafqazda möhkəmlənməyə çalışan ABŞ rəsmi İrəvanın rus ittifaqlarında – Avrasiya İqtisadi İttifaqı, KTMT – qalmasına, yaxud istədiyi siyasəti yürütməsinə niyə onun suveren hüququ olaraq qəbul edir?
Bu sualın birdən çox cavabı görünür.
Birincisi, ABŞ Ermənistanın müdafiəsi naminə Rusiya ilə əməkdaşlığa göz yummur.
Ermənistan hakimiyyəti hazırda anti-Rusiya ritorikası sərgiləsə də, Moskva ilə sıx iqtisadi əlaqələrə malikdir və sanksiyaların dəlinməsi prosesidə aktiv iştirakı ilə ticarət dövriyyəsini sürətlə artırır. Bu haqda daha əvvəl faktları təqdim etmişdik: 2022-ci ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 91,7 faiz artaraq, 5,05 milyarda, 2023-cü ildə isə 7,4 milyard dollara çatıb. Cari ildə 8,4 dollar olan ticarət dövriyyəsinin ilin sonuna kimi 16 milyard dollara çatacağı proqnozlaşdırılır. (https://publika.az/news/nida_tehlil/533751.html).
Bu fantastik artımın səbəbi İrəvanın Moskvaya sanksiyalardan yayınmağa kömək etməsidir. Ermənistan sanksiyalara görə Rusiyanın ala bilmədiyi məhsulları (bura qiymətli metallardan tutmuş texnoloji yenliklərə qədər uzun bir siyahı daxildir) Qərb ölkələrindən idxal edir və Moskvaya göndərir. Bunu ABŞ başda olmaqla Qərb ölkələri bilir, amma susurlar. Dövlət Departamentinin yanaşması da təsdiq edir ki, ABŞ Ermənistanın iqtisadi maraqlara görə Rusiya ilə ticarətini dəstəkləyir, bu, sanksiyaların dəlinməsi hesabına olsa belə.
İkincisi, ABŞ-ın ikili standart yanaşmasından qaynaqlanır və belə görünür ki, Vaşinqton erməni maraqları naminə rəsmi İrəvana istədiyini etmək “azadlığı” tanıyır.
Bunun fonunda ABŞ-ın eyni azadlığı və suverenliyi digər ölkələrə qadağan etmək cəhdləri diqqət çəkir. Cənubi Qafqazda Gürcüstan bunun bariz nümunəsidir. Rəsmi Tbilisidən Ukrayna müharibəsi başladıqdan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmağı tələb edirlər. Gürcüstan milli maraqları naminə bundan imtina edir, çünki iqtisadi baxımdan ciddi itkilərlə üzləşəcək, o cümlədən, 2008-ci ildə Qərbin gürcülərə etdiyi xəyanətdən dərs çıxarıblar. Lakin Vaşinqton İrəvandan fərqli olaraq, Tbilisinin suveren haqlarını tanımır, Gürcüstan hakimiyyətinə qarşı beynəlxalq müstəvidə anti-təbliğat kampaniyası aparılır. Eyni zamanda, Tbilisinin milli maraqlarına əsaslanan müstəqil xarici siyasətini dizayn etmək məqsədilə Gürcüstan daxilində xaos ssenariləri tətbiq edilir.
Bu faktla ABŞ-ın riyakarlığı bir daha ortaya çıxır. Azərbaycan üçün bu, heç də təəccüblü deyil. Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın dövrdə keçmiş Minsk qrupunun həmsədrlərindən olan ABŞ işğalçını və işğala əsaslanan status-kvonu dəstəkləyib. Hətta işğalçı Ermənistana yox, işğala məruz qalan Azərbaycana sanksiyalar tətbiq ediblər. İşğal dövründə, hətta 44 günlük müharibədən sonra da ABŞ dünyanın müxtəlif coğrafiyalarında üz-üzə dayandığı, strateji düşmən kimi gördüyü Rusiya ilə məhz Ermənistanda uzlaşıb. Eyni uzlaşma bu gün də davam edir. Rusiyanın Ermənistanı silahlandırmasına səssiz mövqe nümayiş etdirilir, hətta ABŞ başda olmaqla Qərb ölkələri bu yarışda aktiv şəkildə iştirak edir. Ermənistanın Rusiyaya qarşı sanksiyaların dəlinməsindəki roluna göz yumulur və sadə dillə desək, rəsmi İrəvana “sənə necə yaxşıdır, elə də et” mesajını verirlər. ABŞ bir daha ikili yanaşma siyasətini nümayiş etdirdi.
Asif Nərimanlı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta