AZ

İrəvanın “qara qutu”su: Sülh müqaviləsi harada və nə vaxt imzalanacaq? – Razi Nurullayevlə MÜSAHİBƏ

“2027 və ya 2028-ci ilə qədər Bakı ilə İrəvan arasında hansısa müqavilənin imzalanacağını zənn etmirəm”.

Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Cebheinfo.az”-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Razi bəy, son zamanlar ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin və ya çərçivə sazişinin bağlana biləcəyi deyilir. Necə düşünürsünüz, tərəflər arasında ilin sonuna kimi bu müqavilələrdən hər hansısa biri imzalana bilərmi?

- Azərbaycanla Ermənistan arasında bu il ərzində sülh və ya çərçivə sazişinin imzalanağını istisna edirəm. Fikrimcə, qısa bir zamanda bunun baş verməsi mümkün deyil. Çünki Ermənistan Azərbaycanın təklif etdiyi sülh müqaviləsi mətnindən bütün razılaşmayan məsələləri çıxarıb. Görünür, rəsmi İrəvan həmin maddələri “qara qutu”nun içərisinə yerləşdirib.

Dünya siyasətində belə mifologiyadan əmələ gələn hallara “pandora qutusu” deyirlər. Yəni belə vəziyyətdə çərçivə sazişi imzalansa, bir çox böyük problem həll olunmamış qalacaq. Ona görə də Azərbaycanın bu cür sülh müqaviləsi və ya çərçivə sazişini imzalamağa razılaşacağına inanmıram. Nəinki bu ilin sonuna qədər, ümumiyyətlə, 2027 və ya 2028-ci ilə qədər Bakı ilə İrəvan arasında hansısa müqavilənin imzalanacağını zənn etmirəm.

- Həmçinin, sülh müqaviləsinin hansı ölkədə imzalanacağı da müzakirə olunur. Sizcə, bu, hansı ölkə ola bilər?

- Biz Ermənistanla hər hansısa neytral ölkədə sülh müqaviləsi imzalaya bilərik. Bunun üçün də vasitəçiyə ehtiyac yoxdur, Ermənistanla ikitərəfli danışıqlar apara bilirik. Nəzərə almaq lazımdır ki, vasitəçilərin də öz maraqları olur. Düzdür, bəzi vasitəçilərin belə maraqları yoxdur, amma Azərbaycana vasitəçi lazım deyil. Ümumiyyətlə, hər iki tərəf razılığa gələcəyi təqdirdə müqavilənin harada imzalanmasının bir əhəmiyyəti olmayacaq. Amma rəsmi İrəvan bunun Avropa ölkələrinin birində və yaxud da ABŞ-də imzalanmasını istəyir.

Hərçənd ki, ATƏT-in Minsk qrupunun, bəzi Avropa dövlətlərinin, ABŞ-nin və digər ölkələrin vasitəçiliyi ilə torpaqlarımız 30 il işğal altında qaldı. Üstəlik, həmin ölkələr suverenliyimizi bərpa edəndən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası apardılar və haqsız Ermənistanın yanında dayandılar. Bu səbəblərə görə də Azərbaycan sülh müqaviləsinin Avropa ölkəsində olmasına o qədər də müsbət yanaşmır. Lakin neytral ölkədə və ya qonşu ölkələrdən birində bağlanmasına etiraz etməyəcəyik.

- Sizin də vurğuladığınız kimi, Azərbaycan ikitərəfli danışıqların tərəfdarıdır. Lakin Ermənistan danışıqlar prosesində vasitəçinin də olmasını istəyir. Maraqlıdır, rəsmi İrəvan nə üçün vasitəçi axtarır?

- Ermənistanın özgüvəni yoxdur və diplomatik danışıqlarda haqsız olduğunu bilir. Eyni zamanda, Azərbaycan tərəfi onları məntiqlə yerinə otuzdurur və deməyə sözləri qalmır. Ona görə də başqa ölkələrin onların sözlərini deməsini və haqsız işlərini “haqlı” kimi göstərməyə çalışmasını istəyirlər. Yəni Ermənistan özünün edə bilmədiyini başqa ölkələrin əli ilə bacarmaq istəyir. Lakin rəsmi Bakı buna getməyəcək.

- Bəs Brüssel və Vaşinqton platformalarının ləğvinin gündəmə gəlməsi mümkündür?

- Brüssel və Vaşinqton platformaları müsbət nəticə vermir. Çünki həmin o formatlar Ermənistanla Azərbaycanı bərabər şəkildə masaya oturtmaq istəyir. Amma Ermənistan məğlub olub və 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Lakin bəzi qüvvələr istəyirlər ki, bu formatda işğaldan danışılmasın. Onların məqsədi budur ki, Azərbaycan 30 il ərzində verdiyi şəhidləri və dağıdılan 20 faiz ərazi dilə gətirilməsin, habelə Ermənistandan təzminat istəməsin və beynəlxalq məhkəmələrə müraciət etməsin. Təbii ki, belə halda Azərbaycan bu formatlardan imtina edəcək.

- Nikol Paşinyana hakimiyyətini qoruyub saxlamaq üçün sülh müqaviləsi, yoxsa vəziyyətin indiki kimi qalması lazımdır?

- Paşinyan çox gözəl bilir ki, sülh müqaviləsi imzalansa da, imzalanmasa da, vəziyyəti yaxşı deyil. Lakin sülh müqaviləsinin bağlanması Ermənistana müəyyən mənada sərf edir. Ermənistan özünü müharibədənkənar stabil bir ölkə olaraq göstərmək və xarici investisiyalar cəlb etmək istəyir. Bir çox ölkələr hələ də müharibə təhlükəsi olduğunu düşünür. Bu da Ermənistanın iqtisadiyyatına ciddi şəkildə təsir göstərir. Hesab edirəm ki, sülh müqaviləsinin bağlanması Ermənistanın Avropaya inteqrasiyası üçün əlini-qolunu açacaq.

Həmçinin, Ermənistan belə olan halda Rusiya ilə daha ötkəm danışa, müstəqil xarici siyasət yeritmək üçün addımlar ata biləcək. Ona görə də İrəvana sülh müqaviləsi lazımdır. Amma təbii ki, daxili auditoriyadakı müxalif qüvvələr və fərqli düşünənlər üçün Paşinyana qarşı olan siyasi müqaviməti mənfi mənada daha da artıracaq. Bütün bunları tərəziyə qoyan Paşinyan düşünür ki, sülh müqaviləsinin bağlanması onun əl-qolunu açacaq. Ona görə də sülh müqaviləsinin bağlanmasında israr edir.

Bütün bunlara baxmayaraq, Azərbaycan Paşinyanın gündəminə və ya Ermənistanın çıxarlarına görə siyasət aparmır. Rəsmi Bakı xarici siyasətini ölkənin milli maraqları və çıxarları üzərində qurub. Bundan sonra da bu şəkildə davam etdirəcək. Yəni Ermənistanın marağı bizim üçün əhəmiyyətli deyil.

Seçilən
70
50
cebheinfo.az

10Mənbələr