Hər günü bir qəhrəmanlıq salnaməsi olan və xalqımızın şanlı qələbəsi ilə başa çatan Vətən Müharibəsinin ilk günü – 27 sentyabr ölkəmizdə Anım Günüdür. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi və uzaqgörənliyi sayəsində, eləcə də “Dəmir yumruq” ətrafında birləşən qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına otuz ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildi. 2020-ci il 27 sentyabr tarixi vətənimizin ərazi bütövlüyünü təmin etmək, işğalçıları və terroristləri sərhədlərimizdən qovmaq, gücümüzü, iradəmizi və vətən eşqimizi bütün dünyaya göstərmək üçün haqq savaşımızın başladığı və hər bir azərbaycanlının fəxr etdiyi, qürurlandığı gündür. Xalqımız qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu gün Abşeron rayonunda da Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimiz dərin ehtiramla anılıb.
"Unikal" xəbər verir ki, “27 sentyabr - Anım Günü” ilə əlaqədar rayon ərazisində keçirilən silsilə tədbirlər çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə Xırdalan şəhərində və Saray qəsəbəsindəki Şəhidlər Xiyabanını, Fəxri Xiyabanda uyuyan qəhrəmanlarımızın məzarlarını ziyarət edib, tər çiçəklər düzərək xatirələrini yad edib. Bundan əlavə rayon ərazisində yerləşən şəhidlər xiyabanları və abidələri, o cümlədən şəhidlərimizin uyuduğu məzarlar RİH-in əməkdaşları tərəfindən ziyarət edilib, xatirələri yad olunub.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti Xırdalan şəhərində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib, qarşısına gül dəstələri qoyublar.
“Anım Günü”nə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada iştirakçılar Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçiriblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan videoçarx nümayiş olunub.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə xalqımız 44 günlük Vətən Müharibəsində şanlı qələbə qazanaraq republikamızın ərazi bütövlüyünü təmin edib, süverenliyimiz tam bərqərar olunub. Şəhidlərimizin qisasının döyüş meydanında alındığını vurğulayan RİH başçısı Qarabağda yenidən həyatın canlandığını, aparılan sürətli abadlıq-quruculuq işlərindən sonra soydaşlarımızın böyük sevinc və qürur hissi ilə öz yurdlarına geri döndüyünü qeyd edib.
Sonra millət vəkilləri Ramid Namazov, Nigar Məmmədova və Rizvan Nəbiyev çıxış edərək bildiriblər ki, 27 sentyabr tarixi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu şanlı tarixin bundan sonra da böyük fərəh və iftixar hissi ilə öyrəniləcəyini vurğulayan çıxışçılar bildirib ki, Vətən Müharibəsində qazanılan qələbə ilə Azərbaycan öz adını qalib ölkələr sırasına yazdırıb, öz ərazi bütövlüyünü özü də tam təmin etmiş olub.
Daha sonra Vətən Müharibəsi şəhidi Sahib Musayevin qızı Sahibə Musayeva və müharibə iştirakçısı baş leytenant Mail Əsgərov çıxış edərək şanlı qələbəmizlə qürur duyduqlarını, bu gün bütöv və suveren Azərbaycanımızda tam təhlükəsiz yaşadıqlarını söyləyərək bütün bunlara görə, o cümlədən ölkəmizdə şəhid ailələrinə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Daha sonra vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ruhuna ehsan süfrəsi açılıb, ruhlarına dualar oxunub.