AZ

“Xabi Alonsonun müqaviləsində “Real”la bağlı maddə yoxdur”

“Bayer”in baş direktoru Fernando Karro bildirib ki, “əczaçılar”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsində “Real”la bağlı maddə yoxdur.

Arena.az bu barədə jurnalist-insayder Ben Ceykobsa istinadən məlumat verir.

Karro vurğulayıb ki, nəinki “Real”, eləcə də “Bayern” və “Liverpul”un Xabi Alonsonu satın almasına imkan verən heç bir maddə ispan mütəxəssisin “Bayer”lə müqaviləsində yer almayıb. Xatırladaq ki, bir müddətdir mətbuatda Xabi Alonsonun “əczaçılar”la müqaviləsində müvafiq maddənin olması barədə söz-söhbət gəzir və hətta ispan mütəxəssis artıq gələn mövsüm üçün Madridə “göndərilib”.

“Belə bir maddə yoxdur, amma bu, bizə heç gərək də deyil. Xabi ilə çox yaxşı münasibətimiz var və o, bizim ciddi klub olduğumuzu çox gözəl anlayır. Əvvəl-axır, biz kimisə qalmağa zorla məcbur etmək fikrində deyilik. Biz onun burada özünü o qədər xoşbəxt və yaxşı hiss etməsini istəyirik ki, onun özünün də bizimlə qalmaq arzusu olsun.

Kağız üzərində heç bir razılaşma yoxdur. Amma bəzən kağız üzərində olmayan müqavilələr də razışamalar olur. Bilirik ki, onun gələcəkdə başqa kluba keçməsi lazım gəlsə, bu barədə hər iki tərəflə danışa bilərik. Amma ümid edirəm ki, bunu etmək məcburiyyətində deyilik, çünki o, “Bayer”də qalacaq və burada xoşbəxt olacaq”, deyə Fernando Karro klubun, komandanı uğurla çalışdıran ispan mütəxəssisin qalmasında maraqlı olduğunu vurğulayıb.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. İspan mütəxəssisin rəhbərliyi altında “əczaçılar” ötən mövsüm Avropa Liqasının yarımfinalına yüksəlməyi bacarıblar və Almaniya Bundesliqasında 6-cı yeri tutublar.

Cari mövsümdə Xabi Alonso “Bayer”i 17 oyuna çıxarıb, 16 qləbə qazanıb, 1 heç-heçə edib. Alonsonun “əczaçılar”ın sükanı arxasında ümumi statistikası isə belədir: 54 oyun, 33 qələbə, 11 heç-heçə, 10 məğlubiyyət, fop fərqi isə 128:63 nisbətindədir.

Hazırda Xabi Alonsonun “əczaçılar”ı Bundesliqanın 11 turundan sonra 31 xalla turnir cədvəlinə başçılaq edirlər.

“Bayer” 41 yaşlı ispan mütəxəssisin məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.

Seçilən
437
31
Mənbələr
Şərh ()
Bağla