AZ

Sizin gözləriniz deyil, vicdanınız kordur - Ermənilərə “daydaylıq” edənlərə CAVAB

Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Sonuncu COP28 ötən il Dubayda baş tutub. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak edib.

II Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə ünvanlanan COP29-la bağlı bəzi suallarda bu beynəlxalq tədbirin müəyyən Qərb mətbuatında qeyri-obyektiv, qərəzli formada işıqlandırılacağına dair fikirlər öz əksini tapmışdı. Forum iştirakçılarından biri dövlət başçımıza sualla müraciət edərkən belə bir ifadə işlətmışdi: “...böyük ehtimalla bu tədbir (COP29) Qərb mediası tərəfindən qərəzli şəkildə işıqlandırılacaqdır.”

Dövlət başçısı isə bildirmişdi ki, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşib.

news-2024-01-11-095452-807225.jpg

Bəli, gözlənilən hücumlar baş tutur. Biz bunu Qərb mətbuatında gedən yazılarda və ABŞ hökumətinə bağlı “Freedom House” kimi “insan haqları” təşkilatının bəyanatlarında görürük. Görünür, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bəzilərini qıcıqlandırır. Erməni lobbisinin təsiri ilə hərəkət edən dairələr ölkəmizə qarşı dezinformasiya və yalan məlumatlarla dolu kampaniyalar reallaşdırır və COP29-u boykot etməyə çağırışlar edirlər. Buna səbəb isə guya Azərbaycan Qarabağda yaşayan erməniləri etnik təmizləməyə məruz qoymasıdır. Maraqlıdır, ermənilərə daydaylıq edən bu hüquq təşkilatları , Qərb dairələri 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarının işğalda qalmasına, talanmasına, bir milyona yaxın vətəndaşının qaçqın düşməsinə, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə, olmazın şiddətlərə, soyqırıma məruz qalmasına niyə göz yumurdu?

Antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürür. Azərbaycanın torpaqlarını azad etməs və öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirməsi ilə barışa bilmirlər. Bəzi Qərb ölkələri, xüsusən də Fransa bundan bərk narahat olub.

Dövlət başçısı İlham Əliyevin çıxışçından bir hissə: ”Hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.

Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir”.

Görünən odur ki, müxtəlif beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı qərəzli kampaniya aparılır. Bunun əsas səbəblərindən biri isə rəsmi Bakının regionda söz sahibinə çevrilməsidir. Buna qısqanc yanaşan erməni əsilli bir çox ABŞ siyasətçiləri qərəzli fəaliyyətlər göstərirlər. Buna nümunə olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasının erməniəsilli üzvü Ana Eşu və ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi ilə Azərbaycana qarşı “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı qərəzli qətnamə layihəsi irəli sürməsini göstərə bilərik.

Birincisi, artıq “Dağlıq Qarabağ” deyilən inzibati ərazi vahidi yoxdur. ABŞ siyasiləri isə tez-tez “Dağlıq Qarabağ” terminindən istifadə edirlər. İkincisi, Vətən müharibəsi və ondan sonrakı dövrdə ermənilər Qarabağı könüllü şəkildə, burunları belə qanamadan tərk diblər. Əgər soyqırımdan söhbət gedirsə, Azərbaycanın deyəcəyi və göstərəcəyi çox məqam var. Ermənilərin Qarabağı tərk etməsi ilə Xocalıların şəhərdən qovulmasını və qətlə yetirilməsini müqayisə etmək elə Qərbə və ABŞ siyasətçilərinə kifayətdir. Əgər vicdan varsa, hansının soyqırım olduğunu görərlər. Erməni lobbisinin sifarişi ilə hərəkət edən “Freedom House”, “International Pertnership For Human Rights, Democracy Development Foundation” və digərləri “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” adlı hesabat icmalı yayırlar. Hər kəsə bəllidir ki, burada ermənilər tərəfindən həmin təşkilatlara verilmiş küllü miqdarda rüşvətin böyük rolu var.

Avropa Parlamenti həmçinin Azərbaycana qarşı qərəzli mövqe tutmaqda davam edir. Orada ölkəmizin əleyhinə yalan və böhtanlarla dolu qətnamə və qərarlar qəbul olunur. 13 mart 2024-cü il tarixdə qəbul etdiyi "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnaməsi də bu sıradandır.

Maraqlı olan budur ki, Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilat və institutları Azərbaycanla enerji təminatı sahəsində əməkdaşlıq etdiyi halda, Avropa İttifaqı Brüssel sülh gündəliyi çərçivəsində ölkəmizin mövqeyini dəstəklədiyi bir zamanda, bunun əksinə olaraq AP tərəfindən belə qərəzli mövqe nümayiş etdirilir. Əslində, bu mövqeyi ilə Avropa Parlamenti erməni lobbisinin əlində alətə çevrildiyini bir daha dünyaya göstərir.

COP29 beynəlxalq konfransı ölkəmizdə yüksək səviyyədə keçiriləcək. Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünya şahidi olacaq ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır.

Dövlət başçımızın dediyi kimi, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Şahanə Rəhimli
Musavat.com

phrase_var_article.chosen
108
23
musavat.com

10phrase_var_article.sources