“İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayıb”.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib.
O, aparıcının Ermənistanın KTMT-dən çıxma ehtimalı ilə bağlı sualı cavablandırıb.
“Düşünürəm ki, hamımız daha ehtiyatlı olmalıyıq. Sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır; mən risklərin idarə edilməsini nəzərdə tuturam. Bu sadə məsələ deyil”, – deyə o cavab verib.
Mirzoyan, həmçinin xatırladıb ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və buna qədər olan münasibətlərə qayıtmaq niyyətində deyil.
“Biz işləməyən hərbi ittifaqda özümüzü görmürük”, – deyə o əlavə edib.
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər törətdiyini deyib və əlavə edib ki, təşkilatın iki ölkəsi 2020-ci ildə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycana kömək edib.