Alkoqol, qəhvə, çay və çiy balıq həm tiaminin (B1 vitamini), həm də tiaminin mənimsənilməsi üçün vacib olan maqneziumun səviyyəsini azaldır.
E-saglam.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə tanınmış endokrinoloq, preventiv və "anti-age" tibb mütəxəssisi Yelena Ostrovskaya xəbərdarlıq edib.
"Tiamin və ya B1 vitamini insan orqanizmi tərəfindən deyil, bağırsaqda yaşayan bakteriyalar, yəni mikrobiota tərəfindən sintez olunur. Bu qida maddəsinin normal səviyyəsi bağırsaq florasının vəziyyətindən də asılıdır. B1-in mənimsənilməsi üçün orqanizmə maqnezium lazımdır. Maqnezium səviyyəsi tez-tez stress yaşayan və bu elementi ehtiva edən məhsulları (qoz-fındıq və qurudulmuş meyvələr, dəniz yosunları, ispanaq, krevetlər) az istehlak edən insanlarda azalır. Bundan əlavə, B1 vitamini və maqnezium tez-tez və böyük miqdarda alkoqol qəbul edən insanlarda sürətlə parçalanır və orqanizmdən xaric olur. Məsələn, hər gün bir neçə qədəh şərab və ya tünd spirtli içki içirlər. Yeri gəlmişkən, qəhvə, çay və çiy balıq da B1-ə oxşar təsir göstərir", - deyə həkim bildirib.
Onun sözlərinə görə, toyuq yumurtası, süd məhsulları, tərəvəzlər (çuğundur, soğan, turp, pomidor, şirin bibər, balqabaq), meyvə və giləmeyvələr (ananas, əncir, portağal, qarağat, albalı, gavalı, ərik) B1 vitamini ilə zəngindir.
B1-i həmçinin bəzi mikroorqanizmlər sintez edir, buna görə də o, fermentləşdirilmiş məhsullarda, məsələn, turşudulmuş kələmdə var.
"B1 vitamini çatışmazlığını müəyyən etmək çətindir, çünki onun əlamətləri orqanizmin işindəki digər pozğunluqlara da işarə edə bilər. Erkən mərhələlərdə ən çox qıcıqlanma, yaddaş və diqqət konsentrasiyasının azalması, yorğunluq müşahidə olunur. Bir qədər sonra yuxu pisləşir, əzələ zəifliyi, ayaq barmaqlarında keyləşmə inkişaf edir, baş ağrıları tezləşir", - deyə həkim qeyd etdi.
Bundan əlavə, B1 çatışmazlığı ürək-damar sisteminə pis təsir göstərir: ürək döyüntüsünü sürətləndirir, ağrılara səbəb olur, daha sonra təngnəfəslik və şişkinlik yaranır.
"Nəhayət, tiamin çatışmazlığı zamanı mədə-bağırsaq traktı tərəfindən reaksiyalar mümkündür. Vitamin çatışmazlığı səbəbindən bağırsağın tonusu azalır və xroniki qəbizlik, qarında narahatlıq hissi, daimi ürəkbulanma inkişaf edir", - deyə həkim yekunlaşdırdı.(Oxu.az)
E-saglam.az