AZ

Metro CAN ALMAĞA BAŞLAYIB - Bunun qarşısı necə alınacaq? 

Ötən gün Bakı metropoliteninin “28 May” və “Ulduz” stansiyalarında platformada relslərin üzərinə yıxılan iki vətəndaş xəsarət alıb. Onlardan birinin həyatının xilas etmək mümkün olmayıb.


Son zamanlar Bakı Metropolitenində həddindən artıq sıxlığın müşahidə olunması səbəbilə belə halların artdığı müşahidə olunur.


Metropolitendə baş verən xoşagəlməz və insan həyatına son qoyan halların qarşısını almaq üçün hansı addımlar atıla bilər?


"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun Referans.az-a verdiyi məlumatda bildirilib ki, baş verən hadisələrin səbəbləri aidiyyatı qurumların yekun rəyi və qərarından sonra tam məlum olacaq və buna uyğun olaraq da Bakı Metropolitenində hər hansı zəruri tədbirlərə ehtiyac varsa, hər biri yerinə yetiriləcək.




“Hadisədən dərhal sonra hərəkətin nizamlanması ilə bağlı məsələlər həyata tam keçirildikdən sonra Metropolitendə operativ olaraq bu məsələlərə xüsusi baxılır. Baş vermiş hadisələr baxımından həm işçi personalının öz vəzifəsinin yerinə yetirməsi, texniki resurslardan istifadə olunması və digər məsələlər ayrı-ayrılıqda araşdırılaraq qərarlar verilir. Həmçinin digər sərnişinlərin də təhlükəsizliyi, səhhəti ilə bağlı müraciətləri dərhal diqqət mərkəzinə götürülür və operativ olaraq işçi qüvvəsi stansiyaya cəlb olunur. Eyni zamanda qatarların yubanması halları baş verəcəyi üçün təkcə problem olan stansiyada deyil, digər stansiyalarda da müvafiq işlər görülür”.


Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə bildirib ki, metrostansiyalar strateji obyektlərdir ona görə də burada təhlükəsizlik məsələləri həmişə ön plandadır.




“Metrostansiyalarda təhlükəsizliklə bağlı kifayət qədər böyük işlər görülür. Fiziki olaraq qorunmasından tutmuş nəzarətə qədər işlər görülür. Ancaq platformada qatar relsinin üzərinə yıxılma halları sıxlıq səbəbindən, vətəndaşın alının pisləşməsi səbəbindən, ehtiyatsızlıqdan və s. səbəblərdən ola bilər. Həmçinin bu intihara cəhd üçün də edilə bilər”.


Ekspert qeyd edib ki, dünya təcrübəsində adətən belə halların qarşısını almaq üçün qoruyucu qapılardan istifadə olunur. Bu qapılar yalnız qatar stansiyaya daxil olduqdan sonra sərnişinlərin qatara daxil olması üçün açılır.


“Təbii ki, metropolitendə belə bir prosesin həyata keçirilməsi mürəkkəb prosesdir. Bu işlərin birbaşa layihələndirmədən görülməsi daha məqsədəuyğun sayılır. Lakin hər bir halda metropolitendə mütəmadi sıxlıq müşahidə olunduğu üçün belə mənfi halların qarşısının alınması üçün mümkün olan belə addımların atılması mütləqdir”.

 

Fidan Vəlisoy 

Seçilən
84
19
referans.az

10Mənbələr