AZ

Jurnalistlərdən qaçan mətbuat katibləri - Danışmaq qadağası rəhbərlikdən GƏLİR

Dövlət orqanlarının jurnalistə ən əlçatan işçisi mətbuat katibi olmalıdır desək, yəqin ki, bütün həmkarlarımız bizimlə razılaşar. Təəssüf ki, reallıq bunu əks etdirmir. Bəzi mətbuat katibləri sadəcə sözdə o vəzifəni icra edir, əməldə isə əksi müşahidə olunur.
Son vaxtlar müxtəlif qurumların mətbuat katibləri bir çox hallarda mediaya açıqlama verməkdən boyun qaçırırlar.
Bəzi məlumatlara görə, mətbuata katiblərinə danışmaq qadağası nazirlik, komitə, agentlik və digər rəsmi qurumların rəhbərliyinə təyinat alan məmurlardan gəlir...
 

Modern.az saytı mövzu ilə bağlı jurnalistlərin fikirlərini öyrənib.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, qurumların mətbuat katiblərinin media ilə sıx əməkdaşlığı və mətbuatı qanunlar çərçivəsində obyektiv şəkildə məlumatlandırması onların vəzifə borcudur. Baş redaktorun sözlərinə görə, mətbuat katiblərinin KİV-in suallarını cavablandırması Azərbaycanda dövlət idarəçilik sisteminin ən vacib elementlərindən biridir:

“Bunu tənzimləyən xüsusi qanun normaları da var. Çünki müxtəlif qurumların fəaliyyəti ilə bağlı obyektiv informasiyalar olmayan yerdə ən müxtəlif şayiələr, informasiya təxribatlarının yayılması üçün geniş imkan yaranır. Bunun qarşısını almaq üçün qanun qəbul edilib ki, hər bir mətbuat xidməti media ilə açıq, şəffaf və işgüzar əməkdaşlıq etsin. Amma çox təəssüf ki, hamısı bunu etmir. Məlumatlara görə, bəzi qurum rəhbərləri mətbuat xidməti rəhbərlərinin media ilə açıq əməkdaşlığına müəyyən məhdudiyətlər qoyur. Belə olan təqdirdə ya həmin qurumun mətbuat xidmətinin media ilə əlaqələri tamamilə kəsilir, ya da həmin mətbuat xidmətinin rəhbəri media ilə anonim şəkildə münasibət saxlamaq məcburiyyətində qalır. Bunun hər ikisi anormal nəticədir. Bütün hallarda məsuliyyətin daha çoxunu mətbuat xidmətlərinin rəhbərləri yox, birbaşa həmin qurumların rəhbərləri daşıyır. Çünki qurum rəhbəri rəhbərlik etdiyi təşkilatın media ilə əməkdaşlığında nə qədər maraqlı olursa, mətbuat xidmətinin rəhbəri də bu istiqamətdə tam işgüzarlıqla fəaliyyət göstərmək məcburiyyətində qalır, yaxud həvəslə bu işi yerinə yetirir. Amma qurumun özü media ilə əlaqələrdən qaçırsa, belə şəraitdə mətbuat xidmətinin rəhbərindən nə ummaq olar?!
Ölkədə müəyyən qurumlar var ki, onun mətbuat xidmətinin rəhbərinin adı media qurumlarına bəlli deyil. Amma elə təşkilatlar da var ki, onların nəinki mətbuat xidmətinin rəhbəri, ən azı bir neçə əməkdaşının adını ictimaiyyət və media yaxşı bilir. Başqalarının qısqanclığına səbəb olmasın, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin nəinki rəhbərinin, media ilə əməkdaşlıq edən, müəyyən müəllif yazıları ilə çıxış edən ən azı 7-8 əməkdaşının adını əzbər bilirəm. Ona görə ki, fəal şəkildə işləyirlər. Qurum rəhbərliyi də maraqlıdır ki, onların gördüyü iş ölkə ictimaiyyətinə daha operativ şəkildə çatdırılsın, müxtəlif şayiə və dezinformasiyalar baş qaldırmasın. Ona görə də mətbuat katiblərinin media ilə işgüzar əməkdaşlığı dövlət idarəçiliyi üçün daha səmərəli şəraitin yaranması, qurumun media ilə əməkdaşlığının genişlənməsi, ictimaiyyətin informasiyanı istədiyi zaman almaq imkanı ilə təmin olunması deməkdir. Mən gözləyirəm ki, mətbuat katibləri onların mətbuata çıxışını məhdudlaşdıran qurum rəhbərlərinə açıq şəkildə mövqelərini bildirsinlər. Axı mətbuat katibləri də işlədiyi qurumun əməkdaşı olmaqla yanaşı, həm də medianın da təmsilçisidirlər. Mətbuat xidməti rəhbərləri media və qurum arasında balans yaratmağı bacarmalıdır. Əks halda, işgüzar nəticələr əldə etmək olmaz".
 

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də bildirib ki, bəzi dövlət qurumlarında mətbuat xidmətlərinin media ilə əlaqələrini məhz rəhbərlik əngəlləyir:

“Belə bir durumu biz bilirik, şəxsən məndə bununla bağlı informasiyalar da var. Yəni mətbuat xidmətinin daha açıq, şəffaf faəliyyət göstərməsinə məhz rəhbərlik tərəfindən əngəl yaradılır. Ə
Bununla yanaşı, bəzi qurumların mətbuat katibləri də bir sıra hallarda özünü həmin qurumun rəhbərindən də üstün tutur, yəni dağ başına qoyur. Sanki həddən artıq böyük bir vəzifə sahibidir, yersiz lovğalıq onu boğur. O mətbuat katibləri mətbuata çıxmır, çıxsa da bunu seçərək edir. Bəzi qurumların mətbuat xidmətləri əlindəki informasiyanı rəsmi dövlət agentliyinə göndərir, digər jurnalistlərə isə bildirir ki, oradan götürsünlər. Bu isə çox böyük ədəbsizlikdir. Bəzi mətbuat xidmətləri var ki, dövlət media qurumlarına xəbəri göndərir, digər media qurumlarına göndərmir və yalnız bir neçə saat sonra başqalarına da yayırlar. Yəni ayrı-seçkiliyə yol verirlər. Bu cür halların yaşanması ilə bağlı əlimizdə faktlar var, havadan danışmırıq. Ümumilikdə götürdükdə yaxşı mətbuat xidmətləri də var, amma bəziləri həqiqətən də yarıtmaz fəaliyyət göstərirlər.
Yartıtmaz işləyənlərin bir qisminə rəhbərlik əngəl olur, digər qisminə isə özlərinin lovğalığı, jurnalistlərə yuxarıdan aşağı baxması maneçilik törədir.
Əslində mətbuat xidmətinin rəhbəri onun çalışdığı qurumun siması deməkdir. Sən nə qədər şəffaf, əlçatan olsan, o qurum haqqında da yaxşı ictimai rəy formalaşacaq. Yox, bağlı qapılar arxasında öz bildiyin işlə məşğul olacaqsansa, yalan informasiyalar, şayiələr, hətta bəzən böhtanlar da ayaq tutub yeriyəcək”.
 

Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri  Seymur Verdizadənin sözlərinə görə, jurnalist işlədiyi zaman peşəkar olanlar mətbuat xidmətində işlədikləri zaman da bu ənənəni davam etdirirlər:
 

“Qeyri-peşəkar mətbuat xidmətləri ilə yanaşı peşəkar olanlar da var. Biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin keçmiş mətbuat katibi Anar Cəbrayıllının timsalında bunun şahidi olmuşuq. Hesab edirəm ki, onun xələfi Ceyhun Musaoğlu da mətbuatla sıx işləməkdə maraqlıdır.
Hansı qurumda mətbuat katibinin fəaliyyət zəifdirsə, bu, həmin qurum haqqında rəyə də öz təsirini göstərir.
Mətbuat katibləri haqda danışanda yalnız dövlət qurumlarından bəhs etməməliyik. Bura açıq və qapalı səhmdar cəmiyyətləri, siyasi partiyaları və digər qurumları da daxil edə bilərik.
Arzu edərdim ki, mətbuat katibləri jurnalistlərlə işləməkdə maraqlı olsunlar, gerçək mətbuatdan qorxmaq lazım deyil”.

Seçilən
96
50
modern.az

10Mənbələr