AZ

“İRS” jurnalı ilk dəfə alban dilində nəşr olunmağa başlanıb

Tirana, 21 noyabr, AZƏRTAC

Albaniyada “İRS” jurnalının alban dilində ilk nömrəsi - “Irs-Trashëgimia” çapdan çıxıb.

Jurnalın baş redaktoru Musa Mərcanlının giriş məqaləsində qeyd olunur ki, son zamanlar Albaniya ilə Azərbaycan arasında xüsusilə siyasi və iqtisadi sahədə münasibətlərin nəzərəçarpacaq dərəcədə intensivləşməsi müşahidə olunur və bu səbəbdən də bu tip nəşrə ehtiyac yaranıb.

AZƏRTAC xəbər verir ki, məqsəd alban oxucusunu mümkün qədər Azərbaycan haqqında, onun keçmişi və bu günü, mədəniyyəti və təbiəti haqqında daha çox məlumatlandırmaqdır.

Jurnalın ilk nəşri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edib və Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynovun məqaləsi bu mühüm yubileyə həsr olunub. Buraxılışda bu il 100 illik yubileyi qeyd olunan görkəmli dövlət xadimi Heydər Əliyev haqqında geniş məqalə yer alıb. Alban müəlliflərinin, ölkədə tanınmış tarixçi Dorian Koçi və “Albgas” dövlət şirkətinin rəhbəri Arber Avrami tərəfindən müvafiq olaraq “Azərbaycanın qısa tarixi” və “Albaniyanın təbii qaz strategiyası və Azərbaycanla əməkdaşlıq” mövzularında məqalələr oxuculara təqdim olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin rəhbəri Vüqar Suleymanovun məqaləsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində insanların həyatı üçün təhlükə mənbəyi, bərpa prosesinə ciddi maneə olan geniş minalanmış sahələrin təmizlənməsi probleminə həsr olunub.

Nömrədə, həmçinin Qarabağın xristian irsi, Qafqaz Albaniyası dövründən ölkəmizdə firavan yaşayan Udin azlığı, onun mədəni və dini irsi və Azərbaycan xalçaçılığı haqda məqalələr oxucuların Azərbaycan barədə biliklərini genişləndirməyə kömək edəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Tirana

 

Seçilən
390
Mənbələr
Şərh ()
Bağla