AZ

Ermənistan sülhdən niyə yayınır?

Çəpgözün hara baxdığını müəyyən etmək çətindir

Ermənistan üzərində möhtəşəm Qələbəmizdən üç ildən də artıq vaxt keçib. Ancaq sülh müqaviləsinin imzalanması məğlub ölkənin cığallıqları səbəbindən dalana dirənib. Qəribədir, həm məğlub olub, həm də sülh istəmir. Əslində sülh Hayastana bizdən də çox lazımdır. Buna baxmayaraq ordusu darmadağın edilmiş ermənilər haray-həşir salırlar ki, Azərbaycan yenidən müharibəyə başlaya bilər, o biri tərəfdən isə sülh müqaviləsinin bağlanmasına ardıcıl əngəllər törədirlər.

Niyəsi məlumdur. Birincisi, bu ölkədə lider yoxdur. Çünki qətiyyətli dövlət başçısı olsaydı hökumətin qərarlarına əhəmiyyər vermədən aranı qarışdıran davakar daşnakları və revanşistləri öz yerlərində oturdardı. İkincisi, rəhbərlikdə olanlar  Cənubi Qafqazda yerləşmək iddiasında olan xarici dövlətlərin başçılarının dedikləri ilə otutub-dururlar, yəni müstəqil siyasət apara və qətiyyət göstərə bilmirlər. Bu səbəbdən də başqalarının əlində alətə çevriliblər.  İstər Qərbin, istərsə də ABŞ-ın bəzi siyasətçilərinin Azərbaycanla bağlı qərəzli bəyanatlar vermələrinin məqsədi Ermənistandan öz mənafeləri üçün vasitə kimi istifadə etməkdir. Bu gün onlar öz nüfuzlarını qaytarmaq və Cənubi Qafqaz bölgəsində söz sahibi olmaq üçün belə addımlar atırlar. Ağılsız Ermənistan rəhbərləri isə öz mənafelərini müdafiə etməyi unudaraq axsaq at kimi iddiaçıların yedəyində gedirlər. Hazırda Hayastan bir neçə ölkənin təsiri altında çabalamaqdadır. ABŞ diplomatları, İrəvandakı statusu gizli saxlanılan Avropa İttifaqının missiyası, Fransa hərbçiləri və üstəgəl, Rusiyanın 102-ci hərbi bazası və sərhəd qoşunları kiçik bir ölkədə məhz bunun üçün yerləşdiriliblər. Yəni, orada at izi it izinə qarışıb. Aydındır ki, hərəsinin də öz maraqları var. Yeni iddiaçıların hamısının məqsədi eynidir: Rusiyanı bölgədən çıxarmaq. Ancaq məqsəd təkcə bu deyil.

Hayastanın "ağa"larının məqsədi həm də bölgədə Rusiya ilə bərabər Türkiyənin də nüfuzunun artmasının qarşısını almaqdır. Odur ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən çıxmaq üçün cidd-cəhdlə təhrik edirlər. Bölgəmizdə sülhün gecikdirlməsində ABŞ-ın bəyanatları Fransanın bəyanatları ilə üst-üstə düşür. Onlar ermənilərin Qarabağdan könüllü getmələrindən danışanda utanmadan "deportasiya", “etnik təmizləmə”, “qovulma” ifadələrini işlədirlər. Bu isə absurddur. Məqsəd Ermənistana Azərbaycanla yaxınlaşmağa imkan verməməkdir. Halbuki sülh müqaviləsi bağlanmasında və Azərbaycana, nə də Ermənistana vasitəçi lazım deyil. Xarici təsirdən yaxa qurtara bilməmək üzündən Ermənistan ayda bir sülhdən dəm vursa da real addım atmaq məqamı çatanda müxtəlif bəhanələrlə geri çəkilir.  Azərbaycanın isə müstəqil, düşünülmüş daxili və xarici siyasəti var. İndiyədək irəli sürdüyü bütün təkliflərin reallaşmasında iradə göstərib və mövqeyində dəyişiklik etməyib. Bunu sadə ermənilər belə anlayır və vurğulayırlar ki, Azərbaycan Prezidenti nə deyirsə, ona əməl edir.

Bəzi siyasətçilərin qərəzli bəyanatlarının ABŞ-Azərbaycan münasibətlərinə həddən artıq ciddi təsir edə biləcəyi barədəki fikirləri inandırıcı deyil. Çünki Ermənistan perspektivi görünməyən ölkədir, Azərbaycan isə ABS-la böyük layihələrdə iştirak edən güclü bir dövlətdir. ABŞ Bakıda imzalanan "Əsrin müqaviləsi" adlanan neft kontraktlarında böyük pay sahibidir. Azərbaycanın beynəlxalq terrorçuluğaqarşı qətiyyətli mübarizəsi ABŞ tərəfindən qiymətləndirilir. Bununla bərabər, ABŞ Azərbaycanı dünyanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında iştirak edən dövlət də kimi tanıyır.

Bir neçə dövlət Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq, sülh müqaviləsinin imzalanmasında iştirak etmək istəyir. Ancaq dediyimiz kimi,  Ermənistandan fərqli olaraq bizə kənar qüvvənin köməyi lazım deyil. Vaxt nə qədər uzadılsa da nəhayət, sülhün bərqərar olunması üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan öz sülh təkliflərini təqdim edib. Qalib ölkə və diktə edən tərəf kimi cavab gözləyirik. Ancaq Hayastan tərəfindən konkret cavab əvəzinə həftədə bir sicilləmə eşidirik. Yəni, Ermənistanın çəpgöz siyasətçi kimi hara baxdığını müəyyən etmək çətindir. Bu, Azərbaycanı o qədər də narahat etmir. Ancaq hərbi qüvvələrini bada vermiş Hayastan üçün bu, Damokl qılıncını özü öz başının üstündən asmaqdır.

Vəli İlyasov, "İki sahil"

Seçilən
316
50
Mənbələr
Şərh ()
Bağla