AZ

Sülh müqaviləsi: regional əməkdaşlıqda yeni imkanlar

Prezident İlham Əliyev: "Ölkəmiz regional sülh gündəliyini dəstəkləyir"

Beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Azərbaycan - ABŞ münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Siyasi və təhlükəsizlik, eləcə də enerji sahəsində də əməkdaşlıq sahəsində uğurlar əldə olunub. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə öz töhfəsini verməsi ilə də bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul etməsi əlaqələrin davamlığına söykənir. Maykl Karpenter qəbula görə təşəkkürünü bildirdi və ABŞ Prezidenti Cozef Baydenin məktubunu dövlətimizin başçısına təqdim edib və ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib.

"SÜLH MÜQAVİLƏSİNİN VƏ ONUN ƏSASINI TƏŞKİL EDƏN BEŞ PRİNSİPİN TƏŞƏBBÜSKARI MƏHZ AZƏRBAYCANDIR"

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var. Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının, məhz Azərbaycan olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Bildiyimiz kimi, ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir. Bu iki dövlətin əməkdaşlığının genişlənməsi və əlaqələrin möhkəmlənməsi, bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

"ÖLKƏMİZ PROSESİN İRƏLİ APARILMASI ÜÇÜN BUNDAN SONRA DA QƏTİ ADDIMLARINI DAVAM ETDİRƏCƏK"

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparılıb. ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ və Azərbaycan arasında münasibətlərin pozitiv keşmişi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Ölkələr arasında münasibətlərin siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivləri var. Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırır, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı əməkdaşlığa malik olduğunu bir daha göstərir.

"ERMƏNİSTAN TƏRƏFİNDƏN İSTƏNİLƏN REVANŞİZM CƏHDLƏRİ RİSKİNİN SIFIR SƏVİYYƏDƏ OLMASINI İSTƏYİRİK"

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğala son qoydu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində öz sözünü demiş oldu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoydu və dövlət başçısının dünyanın aparıcı KİV-lərinə verdiyi 30-a yaxın müsahibəsində ölkəmizin haqq mövqeyini dünyaya çatdırmış oldu. Sülhsevər siyasət yürüdən Azərbaycan münaqişənin sülh, danışıqlar yolu ilə uzun müddət həllinə nail olmağa çalışsa da mümkün olmadı. Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışlarına hərbi təxribatlarla cavab verdi. Azərbaycanın 44 gün ərzində apardığı əks-hücum əməliyyatları Ermənistan üçün acı sonluqla yekunlaşdı. XXI əsrin müharibəsini aparan Azərbaycan düşmən üzərində tarixi qələbəsini qazandı, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı. Bu gün də qalib xalq olaraq ölkəmizə maraq sonsuzdur. Müharibədən sonrakı durum, Azərbaycanın mövqeyi diqqətdə saxlanılır. Bu Azərbaycanın dünya miqyasında olan yüksək imicindən qaynaqlanır. Əlbəttə ki, dövlət başçısı bütün çıxışlarında, müsahibələrində ölkəmizin haqq mövqeyini sərgiləyir və sülhsevər siyasəti dünya ictimaiyyətinə mesaj olaraq çatdırılır. Tarixi ədalət bərpa edilib. "Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik". Prezident İlham Əliyev xarici mətbuata verdiyi müsahibələrində birində bildirib: "Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular da bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik".

"BİZ CƏNUBİ QAFQAZ ÜÇÜN SÜLH İSTƏYİRİK, SABİTLİK, TƏHLÜKƏSİZLİK VƏ ÇİÇƏKLƏNƏN GƏLƏCƏK İSTƏYİRİK"

Bu gün artıq müharibənin başa çatmasından dörd il ötür. Azərbaycan öz sülhsevər siyasətini davam etdirir. Müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir. Azərbaycanın mövqeyi açıq-aşkardır: "Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik", - deyə Prezident bildirib. Əlbəttə ki, komunikasiyaların açılması, həm Azərbaycanın, həm Ermənistanın və digər dövlətlərin, ümumilikdə regionda hamının marağındadır. Komunikasiyaların açılması bölgədə yeni əməkdaşlıq platformalarının yaradılmasına gətirib çıxaracaq ki, bu da regionda uzunmüddətli sülhün, əminamanlığın təmin olunmasında çox mühüm rol oynayacaq. Zəngəzur dəhlizinin açılması ilk növbədə Naxçıvanla Azərbaycanın əsas hissəsini birbaşa birləşdirən nəqliyyat dəhlizi olacaq. Bu dəhlizin açılması Azərbaycanla qardaş Türkiyənin quru və dəmir yolu xətti ilə birbaşa birləşməsini həyata keçirəcəkdir.

44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini gördü. Mülki, dinc insanların hədəfə alınması, yaşayış yerlərinin dağıdılması erməni vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. 30 ilə yaxın işğalda qalaraq dağıdılan, talan edilən ərazilərimizdə bu gün Cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində həyat yenidən dirçəlir. Həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi üçün irimiqyaslı layihələr reallaşdırılır.

Azərbaycan nəinki regionda, həm də dünyada sülhə xidmət edən mövqeyini artıq ortaya qoyub. Dünya dövlətləri də artıq bununla razılaşır.

Zümrüd BAYRAMOVA

Seçilən
84
50
sesqazeti.az

10Mənbələr