AZ

Bakıda terror aktının təşkilində ittiham olunan Əfqanıstan vətəndaşı 10 il həbs edilib

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı Favzan Musa Xanı 10 il həbsə məhkum edib. Prosesə hakim Şəlalə Həsənova sədrlik edib.

Favzan Musa Xan Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə təqsirli bilinib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin 10 iyul 2023-cü il tarixli məlumatda deyilirdi ki, Bakı şəhərində xarici ölkə səfirliklərindən birində terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşı saxlanılıb.

Məlumatda bildirilib ki, Favzan Musa Xan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib, Bakıda yaşadığı müddətdə üçüncü dövlətin bu ölkədəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Dövlət Təhlükəsizliyi Xidməti Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı telefon danışıqlarının əks olunduğu video yayıb.

2023-cü ildə Times of İsrael nəşri İsrailin xarici işlər naziri Eli Kohenə istinadən bildirib ki, Azərbaycanda İsrail səfirliyinə terror cəhdinin arxasında İran dayanır.

Eli Kohenin sözlərinə görə, Azərbaycanda ələ keçirilən terrorçu İrandan maliyyələşib və oradan təlimat alıb.

Həbs edilən Favzan Musa Xanın vəkili və yaxınları, həmçinin rəsmi Kabil və rəsmi Tehran bu həbsə hələ  münasibət bildirməyiblər.

Seçilən
113
4
turan.az

5Mənbələr