AZ

Azərbaycanlıların qəbirlərini dağıdan erməniləri hansı cəza gözləyir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanda yerli xalqa, yəni Qərbi azərbaycanlılara məxsus olan dini və milli-mədəni abidələrin ermənilər tərəfindən dağıdılıb, məhv edilməsi sirr deyil. Təbii ki, ermənilərin burada əsas məqsədi həmin məmləkətin Qərbi azərbaycanlılara aid olmadığını göstərmək olub. Yəni gələcəkdə bu torpaqların azərbaycanlılara aid olmadığını sübut edə bilsinlər. Buna görə də davamlı olaraq həmin mədəni, dini, milli abidələrimiz, bir sözlə - azərbaycanlılara aid nə varsa məhvə məhkum olub. Bu həm də onu göstərir ki, ermənilər özləri də bu abidələrin azərbaycanlılara məxsus olduğunu bildikləri üçün belə vəhşi addımlar atıblar.
Hətta bu cinayətlər elə qeyri-insani hal alıb ki, mənfur düşmən azərbaycanlıların dəfn olunduqları qəbiristanlıqları belə yer üzündən silib. Bunun nəticəsidir ki, bu gün Qərbi azərbaycanlılara məxsus 600 qəbiristanlıqdan cəmi ikisi salamat qalıb.
Bəs ermənilər bu cinayətlərinə görə hansı formada məsuliyyətə cəlb edilə bilərlər? Ümumiyyətlə, bu proses beynəlxalq hüquqla necə tənzimlənir?
Oxu.Az mövzunu araşdırıb.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin sözlərinə görə, hazırda Qərbi Azərbaycanda yerləşən üç qəbiristanlıqla bağlı araşdırmalar gedir:
"Qərbi Azərbaycanda bizim qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. 150-yə yaxınının dağıdılan qalıqları müşahidə edilir".
"Basarkeçər rayonunun dörd kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir - 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir", - deputat deyib.
İcma sədri bu vandalizmdə təkcə Ermənistanın günahkar olmadığını da diqqətə çatdırıb:
"Çünki Ermənistana havadarlıq edən, azərbaycanofob siyasət yürüdən dövlətlər də bu cinayətlərdə günahkardır".
Beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov isə Oxu.Az-a açıqlamasında bildirib ki, insanların mədəni və dini abidələrinin qorunması beynəlxalq konvensiyalarda xüsusilə qeyd edilib:
"Ermənistan özü də həmin konvensiyalara həm regional, həm də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində üzv olub. Xüsusilə də vəfat etmiş şəxslərlə bağlı dini və mədəni adət-ənənələrin qorunması və onlara hörmətin göstərilməsi xüsusi kateqoriyalara aidiyyəti olan məsələlərdəndir. Nümunə kimi, bununla bağlı BMT-nin İnsan Hüquqları Şurasının bu ilin iyun-iyul aylarında qəbul etdiyi sonuncu qətnamələrdən birini qeyd edə bilərəm. Belə ki, BMT-nin İnsan Hüquqları Şurasının ixtisaslaşmış reportyoru Morris Tibdolla Binç tərəfindən verilən məlumata görə, artıq vəfat etmiş şəxslərin hüquqlarının qorunması Hindistanın, Keniyanın, Fransanın və Çilinin milli qanunvericiliklərində əksini tapıb. Həmçinin, bir çox ölkələrdə də bu proses davam etdirilir. Bu qərara əsasən, vəfat etmiş şəxslərin adət-ənənələrinə, qəbir daşlarına, konkret olaraq saxlanıldığı yerlərə hörmətlə yanaşmalıdır və bu, hər bir dövlətin məsuliyyətidir".
"BMT-nin irqi ayrı-seçkiliklə bağlı Konvensiyasında və Avropa İnsan Hüquqlarının qərarlarında milli və irqi ayrı-seçkiliyə yol verilməməsi və bu insanların hüquqlarının öləndən sonra da davam etdirilməsinin vacibliyi qeyd edilib. Xüsusən də vəfat etmiş şəxslərin həmin ərazilərdə cəsədlərinin saxlanılmasına xüsusi qaydalarla hörmətlə yanaşılması öz təsdiqini tapıb. Təəssüf ki, Ermənistan ərazisində dini və milli ayrı-seçkiliyə əsaslanaraq, azərbaycanlılara məxsus qəbiristanlıqların çoxu dağıdılıb və həmin qəbir daşlarından başqa məqsədlər üçün istifadə edilib", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdə BMT-nin irqi ayrı-seçkiliklə bağlı konvensiyası ilə yanaşı, digər hüquq normaları da var:
"Bunlardan biri də Ermənistanın 1998-ci ildə, Azərbaycanın isə 2000-ci ildə qoşulduğu Avropa Şurasının Konvensiyasıdır. Konvensiyanın 5, 6, 7 və 8-ci maddələrində vəfat etmiş şəxslərin rituallarına, qəbir daşlarına və qəbiristanlıqlarına hörmətlə yanaşılması qeyd edilib. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları da var ki, nümunə üçün istifadə etmək olar. Ermənistan ərazisində yaşamış azərbaycanlıların dini və milli zəmində ayrı-seçkiliyə məruz qaldıqları, həmçinin onların təkcə həyatda olduqları vaxtda yox, vəfat etdiyi zamandan sonra da çoxsaylı hüquqlarının pozulması faktlarla təsdiqini tapıb".
"Bu istiqamətdə ən çox aktual olan məsələlərdən biri də qəbiristanlıqların dağıdılmasıdır. Bu proses Ermənistanda bu gün də davam etdirilir. Xüsusilə də harada ki yeni məhəllələr salınır, həmin ərazidə soydaşlarımıza məxsus qəbirlər dağıdılır. Buna görə Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə vermək olar", - deyə müsahibimiz əlavə edib.
Səfərov Ermənistana tətbiq oluna biləcək cəzadan da danışıb:
"İlkin olaraq bunun qiymətləndirilməsinə ehtiyac var. Çünki müraciət edəndə siyasi və ümumi qiymətləndirmə olur. Bu da instansiyalar tərəfindən edilir. İnstansiyalar tərəfindən qiymətləndirmə, xüsusilə beynəlxalq ekspertlərin iştirakı ilə olur. Yəni ekspertlər Ermənistan ərazisində bu faktın araşdırılmasında iştirak edirlər. Bizim fikrimizcə, ya Avropa Şurası, ya BMT, ya da məhkəmə prosesləri çərçivəsində araşdırmalar üçün xüsusi işçi qruplar yaradıla və araşdırmanı yerində apara bilərlər. Bunun nəticəsində faktlar üzə çıxarılır və Beynəlxalq Cinayət Məhkəməsindən başlayaraq, digər aidiyyəti instansiyalara təqdim edilir. Bundan sonra isə məsuliyyət növlərinin tətbiqinə başlanıla bilər. Məsələn, bu istiqamətdə qərar verilə bilər ki, Ermənistan həmin əraziləri bərpa etsin, həmçinin qəbirləri dağıdılan şəxslərin həyatda olan qohumlarına təzminat ödənilsin".
Mərahim Nəsib
Seçilən
125
49
oxu.az

10Mənbələr