AZ

Azərbaycanda “Asma fasad sistemləri. Layihələndirmə normaları” təsdiqlənib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Asma fasad sistemləri. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, qərarı Komitə sədri Anaq Quliyev imzalayıb.

Qərara əsasən, bu layihələndirmə normaları hündürlüyü 75 metrdən çox olmayan yeni inşa olunan, yenidən qurulan və ya təmir edilən yaşayış və çoxfunksiyalı binalar və komplekslər, eləcə də hündürlüyü 50 metrdən çox olmayan ictimai, inzibati və məişət binalarının hava aralaylı asma fasadlarının layihələndirilməsi və quraşdırılmasına şamil edilir.

Normalar AzDTN 2.12-4 sənədinin tələblərinə uyğun olaraq daha yüksək istilik mühafizəsi səviyyəsinə nail olunması və enerji səmərəliliyinin artırılması məqsədi ilə mülki binaların fasadlarının təmirində və bərpasında istifadə edilir.

Xüsusi istismar şəraitində olan binalar, həmçinin unikal və texniki cəhətdən mürəkkəb bina və qurğuların asma fasad sistemi layihələndirilərkən, hava aralaylı asma fasad konstruksiyaların istismar xüsusiyyətlərini əks etdirən əlavə tələblərə əməl edilməlidir.

Hündürlüyü 75 metrdən çox olan yaşayış və çoxfunksiyalı binalar, eləcə də hündürlüyü 50 m-dən çox olan ictimai binaların hava aralaylı asma fasadların layihələndirilməsi və quraşdırılması fasad sistemlərinin aparılmış laboratoriya sınaqlarına əsaslanan xüsusi texniki şərtlərə uyğun olaraq həyata keçirilir.

Hava aralaylı asma fasad sistemlərinin binaların ikinci mərtəbəsindən aşağı hissələrində tətbiqi tövsiyə edilmir. Binaların birinci və zirzəmi mərtəbələrində hava aralaylı asma fasadlar tətbiq ediləcəyi təqdirdə onların mexaniki təsirlərə qarşı mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır.

Qərarın icrasına nəzarət Komitənin sədr müavini Dövlətxan Dövlətxanova həvalə edilib.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə, eləcə də Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Seçilən
82
36
ikisahil.az

10Mənbələr