AZ

Evra Qvardiolanın futbolu necə “öldürdüyünü” izah etdi

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Patris Evra “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın futbolu “öldürdüyü” qənaətindədir.

Arena.az “Give me Sport” dərgisinə istinadən məlumat verir ki, fransalı keçmiş futbolçu ispan mütəxəssisin bütün təsirinə rəğmən, onun futbol mədəniyyətinə məhz mənfi təsirinin olduğu fikrindədir:

“Düşünürəm ki, Qvardiola ən yaxşı çalışdırıcılardan biridir, amma o, oyunu öldürüb… Hamı Qvardiola kimi oynamaq istəyir… İndi hamı heyrətamiz oynamaq istəyir. Bu, tiki-takadır, bunu necə edəcəyini ancaq Qvardiola bilir. Niyə hamı Qvardiolanın təqliq edir? Bizim yaradıcılığımız yoxdur. Daha bizim dühamız yoxdur. Ronaldinyo və ya Eden Hazard kimi oyunçuları isə bir daha görməyəcəksiniz. Çünki bu məşqçilər gənc oyunçuya deyəcəklər: “Əgər sən ötürmə verməsən, səni ehtiyat oyunçular skamyasına oturdacağam”, deyə Evra fəsadın mahiyyətini açıqlayıb.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 489 oyun keçiriblər, 360 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 69 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1238:444 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.
10 turdan sonra Qvardiolanın “Mançester Siti”si 23 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.

Seçilən
56
9
arena.az

10Mənbələr