PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Fransa nəhənginin çıxışı ilə bağlı son vaxtlar artan tənqidləri cavablayıb.
Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis komandasının ünvana yönəlmiş tənqd selinin, daha çox, kütləvi informasiya vasitələrinin səs-küyündən qaynaqlanan xüsus olduğu qənaətindədir:
“Mən heç vaxt mətbuatı oxumuram, tənqid haqda isə burada, mətbuat konfransında xəbər tuturam. Aydın məsələdir ki, biz qol vurmayanda bizim hücumçumuz olmamasından söhbət açırlar. Ancaq üç qol vuranda isə heç kim hücumçuya ehtiyacdan danışmır. Mən bu sirki artıq tanıyıram və qəbul edirəm”, deyə Luis Enrike bildirib.
10 turdan sonra PSJ Fransa Liqa 1-in yarış cədvəlində 26 xalla zirvədə qərarlaşıb. Çempionlar Liqasında isə Fransa nəhənginin vəziyyəti ürəkaçan deyil.
Xatırladaq ki, PSJ Çempionlar Liqasında keçirdiyi son üç oyunda qələbə üzünə həsrətdir. Fransa nəhəngi Londonda “Arsenal”a məğlub olub (0:2), Parisədə isə PSV ilə heç-heçənin (1:1) ardınca, Madrid “Atletiko”suna uduzub (1:2).
PSJ Çempionlar Liqasının Liqa mərhələsinin növbəti, 5-ci tur oyununda Münhendə Almaniya nəhəngi “Bayern”in “qonağı” olacaq. Bu oyunda məğlubiyyət PSJ-nin cari mövsüm UEFA Çempionlar Liqasında çıxışına davam etməsini böyük sual altına ala bilər.
4 turdan sonra PSJ UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 4 xalla 25-ci pillədə qərarlaşıb. Bu yer isə ələmə mərhələsinə vəsiqə vermir.