“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə birgə mübarizə alyansı yaradılacaq.
Offsideplus.az xəbər verir ki, COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda Azərbaycan təmsilçisi ilə yanaşı daha 10 klub yer alacaq.
"Köhlən atlar"ın dəvəti ilə "Liverpul", "Tottenhem", "Atletiko", "Real Betis", "Fənərbağça", "Qalatasaray", "Udineze", "Portu", "Flamenqo" və "Malmö" COP29-da iştirak edəcək. Bu komandalar alyansın yaradılması barədə sənədi imzalayacaq və qurumun yaradıcısı olacaqlar. Sonradan dayanıqlılıq baxımından fəal olan digər klublar "Qarabağ" və ECA tərəfindən bu alyansa dəvət ediləcək.
Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.