AZ

“ASAN xidmət” COP29-da yaşıl idarəetmə ilə bağlı beynəlxalq forum təşkil edib

 
14 noyabr 2024-cü il tarixində Bakıda "Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçirilib.
 
Bakı Olimpiya Stadionunda, Mavi Zonada baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və "Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.
 
Forum interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirib. Ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri  və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.
 
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, "Apolitical Group Limited”in icraçı direktoru Robin Skot və İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal çıxış ediblər.
 
Çıxışçılar yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. "ASAN xidmət” modeli kimi innovativ modellərin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi diqqətə çatdırılıb.
 
İlk sessiya "Ekoloji çağırışlara cavab üçün dövlət xidmətlərində innovasiyaların təkmilləşdirilməsi” mövzusuna həsr olunub. Sessiyada Braziliyanın, Zimbabvenin, Barbadosun, Keniyanın və Qambiyanın müvafiq nazirliklərinin rəhbərləri çıxış ediblər. Əsas müzakirələr yaşıl idarəetmədə davamlılığın və səmərəliliyin təmin edilməsi məqsədilə dövlət qulluqçularının bacarıqlarının artırılması, dövlət xidmətlərinin inkişafı proseslərinin qlobal iqlim məqsədləri ilə inteqrasiyası və bu çərçivədə innovativ yanaşmalar olub.
 
İkinci sessiya isə "Yaşıl idarəetmədə qlobal əməkdaşlığın rolu” mövzusuna həsr edilib. Sessiyada BMT-nin, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC), Serbiyanın, Qazaxıstanın, Seneqalın müvafiq qurumlarının rəhbərləri çıxış ediblər. Əsas müzakirələr dövlət xidmətlərinin göstərilməsində davamlılığın təmin edilməsi və fəaliyyətin səmərəliliyinin optimallaşdırılması, bu istiqamətdə yaşıl texnologiyaların inkişafı və tətbiqinin təşviqi, dövlət qurumlarının milli səviyyədə müəyyən edilmiş töhfələr və beynəlxalq iqlim öhdəliklərinin həyata keçirilməsində rolu olub.
 
Forum zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, eləcə də Uqandanın, Efiopiyanın aidiyyəti nazirliklərinin rəhbərləri müvafiq istiqamətdəki qabaqcıl təcrübələrə dair təqdimatlar ediblər.
 
​Süni intellekt təcrübələri mövzusuna həsr olunmuş xüsusi sessiyada isə Misirin müvafiq qurumunun və Rumıniyanın sözügedən sahə üzrə ixtisaslaşmış təşkilatının rəhbərləri çıxış ediblər.  
 
Moderatoru məşhur jurnalist, futuroloq (CNN, TEDx, Forbes) İan Xan olan forum bağlanış nitqləri və müzakirələrlə yekunlaşıb.
 
Tədbirdə "ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı məlumat diqqətə çatdırılıb və bununla əlaqədar videoçarx da nümayiş etdirilib.
 









 

Seçilən
70
3
7news.az

4Mənbələr