Skandinaviya ölkəsi İsveçdə gender bərabərliyi və əmək naziri Paulina Brandberqin banan qorxusu ölkədə gündəm mövzusuna çevrilib.
"Cebheinfo.az”a xəbər verir ki, nazirin banan fobiyası ilə bağlı nazirlikdəki tədbirləri əhatə edən yazışmalar mətbuata sızıb.
“Expressen” qəzetində dərc olunan yazışmalarda nazirin göstərişi ilə görülən tədbirlər yer alıb.
Belə ki, Paulina Brandberq işçilərə qatıldığı tədbirlər zamanı olduğu ərazidə banan olmamasını əmr edib.
Müvafiq olaraq, nazir hər hansı bir tədbirə getməzdən əvvəl onun köməkçiləri orada bananların olma ehtimalını yoxlayır və onların təmizlənməsini təmin edirlər.
Hətta sentyabr ayında parlamentin sədri ilə kabinetində görüşməzdən əvvəl yazışma aparılıb ki, otaqda meyvələrdən banan olmasın.
Yayılan yazışmalar ölkədə müzakirələrə səbəb olub. Nazir terapiya dəstəyi ilə aradan qaldırıla bilən fobiyası olduğu halda dövlət işçiləri üçün problem yaratmaqda günahlandırılıb.
İsveçin Baş naziri Ulf Kristersson isə naziri müdafiə edib. O, bunun insani bir vəziyyət olduğunu və hökumətin işinə təsir etmədiyini söyləyib.
Həmçinin, Baş nazir açıqlamasında fərqli fobiyaları olan insanlara böyük hörmətinin olduğunu bildirib.
Brandberq isə milli mediayaya verdiyi açıqlamada bu fobiyanın aradan qaldırılması üçün peşəkar yardım aldığını açıqlayıb.
Nazir daha əvvəl bananla bağlı şəxsi problemindən danışıb və bunun dünyanın ən qəribə fobiyası olduğunu etiraf edib.