AZ

Azərbaycan Zəfər tarixinin  sevincini, qürurunu yaşayır

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər parkının açılışında iştirak ediblər. Bu hadisə xalqımızın zəfər səlnaməsinin mühüm tərkib hissəsidir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.  Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. Park və abidə Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradır. "Dəmir yumruq" Zəfərin əsasında dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin rəmzidir.

Сənab Prezidentin buradan xalqımıza müraciəti isə çox tarixi və önəmli bir hadisə kimi yaddaşlara yazıldı. Cənab Prezident müraciətində dedi ki, “Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”.

Dəqiq bir təhlil və qəhrəmanlıq bahasına əldə edilən Qələbənin ən incə məqamları var bu kəlmələrdə. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində hər zaman verdiyi vədə sadiq olub. Vətən müharibəsindən əvvəl ictimaiyyət nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızın nəyin bahasına olursa-olsun azad ediləcəyini, Qarabağın qaytarılacağını, ərazi bütövlüyümüzün bərpa olunacağını, şəhidlərimizin qisasının alınacağını bildirib. Dövlətimizin başçısında bu əminlik təsadüfi deyildi. Çünki bu məsələdə haqq-ədalət bizim tərəfimizdə idi. Düşmən ötən əsrin 90-cı illərində Azərbaycanda yaşanan xaos və hakimiyyətsizlikdən istifadə edib əzəli-əbədi ərazilərimizi ələ keçirmişdi. Düzdür, bütün dünya Qarabağ və Şərqi Zəngəzuru Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması vurğulansa da, Ermənistan işğalçı əməllərindən əl çəkmirdi, ordusunu torpaqlarımızdan geri çəkmirdi, bu azmış kimi daim təxribatlar törədirdi. Tapdaq altında saxladığı ərazilərimizdə qanunsuz məskunlaşma aparırdı. Halbuki, bu, hərbi cinayət idi.

Biz bu qələbəni bu gün çox böyük təntənə ilə yaşayırıq. Zəfərimizi tarixiləşdiririk, onu yaddaşlara köçürürük. Bakıda yeni açılan Zəfər parkı da bu məqsədlə qurulub. Prezident İlham Əliyevin açılışını etdiyi Zəfər Parkı da gələcək nəsillər üçün bir ərməğandır. Bu park və abidə həm vətəndaşlarımızın, həm də xarici qonaqların sıx ziyarət edəcəyi məkan olacaq. Prezident İlham Əliyev Zəfər Parkının açılışı zamanı xalqa müraciətində Vətən müharibəsində qazanılan tarixi qələbə, qələbədən sonra keçilən yol, regionda hazırkı vəziyyət haqqında fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Cənab Prezident xatırladıb ki, qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan regionda sülh və əmin-amanlığın tərəfdarıdır. Bu məqsədlə Ermənistanla sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edib. Hazırda sülh sazişi üzrə danışıqlar davam edir. Lakin müəyyən beynəlxalq güclər öz maraqları naminə bölgəmizdə sülhün olmasını istəmir.

İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır.  Ən böyük həqiqət elə  budur. Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir.

Ayaz Cəbrayılov,

 Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Seçilən
15
1
ikisahil.az

4Mənbələr