Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Kəmaləddin Heydərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru kimi Bakıda uğurla keçirilən COP29-da Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun nümayəndə heyətinin iştirakının təqdirəlayiq olduğunu bildirib.
Azərbaycan və Pakistan arasındakı münasibətlərin tarixən sarsılmaz dostluq və qardaşlıq, qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayan nazir iki ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasından danışıb. O, 2021-ci ilin yanvarın 13-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”in əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.
Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik COP29-da iştirakdan məmnunluq ifadə edib, qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Milli Qurumun sədri fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qurum arasında münasibətlərin dərinləşdirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətindən bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra Pakistandan gələn nümayəndə heyəti FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.