AZ

Dünyanı Bakıya toplayan COP29 — Azərbaycanın növbəti uğuru

11-22 noyabr tarixlərində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edir. Konfrans günlərində təbiəti və canlıları qorumaq, iqlimi yaxşılaşdırmaq, iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması üçün birgə fəaliyyət, həmçinin süni intellekt texnologiyalarından düşünülmüş şəkildə istifadə olunması, süni intellektin məsuliyyətsiz istifadəsinin mümkün fəsadları, ərzaq təhlükəsizliyinin təmin olunması, təbii su anbarlarının və hövzələrinin qorunması, torpağı deqradasiyaya məruz qoyan fəaliyyətlərdən çəkinmək, silahlı münaqişələrə, zorakılıq, kütləvi qırğın silahlanması, ekosid və urbisid aktlarına son qoymaq və sülhü bərqərar etmək kimi bir çox bəşəri əhəmiyyət kəsb edən mövzular ətrafında canlı müzakirələr aparılır. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə olaraq Azərbaycanda baş tutur. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.


BMT-nin qlobal miqyaslı tədbirinin Azərbaycanda keçirilməsi həm də ölkəmizin imicinin artırılmasına xidmət edir. COP29 Azərbaycanın dünya birliyinə inteqrasiyasına, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsinə mühüm töhfə verəcək. 

Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında deyib ki, COP29 uğurlu nəticələri ilə hələ uzun illər dünyanın diqqətində olacaq:


“Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini uğurla davam etdirir. Dünyanı Bakıya toplayan COP29 qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin roluna,  Azərbaycanın bu istiqamətdə töhfələrinə işıq salır.  Dünya ölkələrinin liderlərinin COP29 sammitində iştirakı Azərbaycana və onun yaşıl enerji sahəsindəki fəaliyyətinə hörmətdən irəli gəlir”. 

K.Bayramov qeyd edib ki, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində yaradılan möhkəm təməl Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq:

“196 ölkədən  72 min iştirakçının qatıldığı COP29 Azərbaycanın növbəti uğuru  olacaq. İştirakçılar  sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Bu, Azərbaycana, dövlət başçısı İlham Əliyevə böyük etimadın göstəricisidir. Dünya liderlərinin COP29-dan daha böyük gözləntiləri də Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dayanıqlı inkişafa  malik olmasından irəli gəlir.  Çoxtərəfliliyin tərəfdarı olan Azərbaycan hər zaman əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına, çoğrafiyasının genişləndirilməsinə səy göstərir. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar  belə  düşünməyə əsas  verir ki,  iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik”. 

Deputat diqqətə çatdırıb ki, noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti, 13-də isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi:

“Dövlətimizin başçısı İlham Əliyevin hər iki sammitdə çıxışı özündə bütün məqamları ehtiva etdi.  COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq. Hazırda qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsidir. Buna görə də Azərbaycan o mövqedən çıxış edir ki, artıq müzakirələrdən işə keçilməli, kiçik ada dövlətlərinə real kömək göstərilməli, xüsusilə də maliyyələşmə məsələlələri həllini tapmalıdır”.

K.Bayramov əlavə edib ki, COP29-un Bakıda keçirilməsi, Azərbaycanın yalnız enerji siyasətində deyil, həm də qlobal iqlim dəyişiklikləri sahəsindəki müzakirələrdə fəal iştirakını təmin edir:

“Prezident İlham Əliyev bu tədbirin Azərbaycan üçün böyük iqtisadi və diplomatik əhəmiyyət kəsb etdiyini bildirib. Bu cür mötəbər beynəlxalq tədbirlər, ölkənin dünya səhnəsindəki mövqeyini gücləndirir və gələcəkdə ekoloji və sosial sahələrdə yeni təşəbbüslərin irəliləməsinə şərait yaradır”

Azərbaycanın bu günə qədər müxtəlif səviyyəli regional və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən politoloq Turan Rzayev isə sayta açıqlamasında bildirib ki, Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var:



“Bu təcrübənin fonunda COP29-un ölkəmizdə keçirilməsi gözlənilən idi və bu baş tutdu. Tədbirin ölkəmiz üçün bir çox dividentləri olacaq. Birincisi, Azərbaycana gələn dövlət başçıları, jurnalistlər, ekspertlər buradakı real vəziyyəti gördülər. Eyni zamanda, Cənubi Qafqazdakı sabitliyi görmüş oldular. Bu sabitlik növbəti mərhələdə ölkəmizə və regiona investisiya yatırımının artmasına gətirib çıxaracaq. Bu investisiya bərpa prosesi və “Böyük Qayıdış”a xidmət edəcək”. 

T. Rzayev Azərbaycana qarşı bu gün manipulyasiya cəhdləri və qarayaxma kampaniyasının dava etdiyini diqqətə çatdırıb: 

“Bunun fonunda Azərbaycanın bu tədbiri yüksək səviyyədə reallaşdırması göstərdi ki, yalan və hədyanlar heç də həqiqəti əks etdirmir. Azərbaycanı Avropada inkişaf etməmiş dövlət kimi təqdim etməyə çalışırlar. Gələnlərsə görür ki, Avropa ölkələrindən heç də geri qalmırıq. 

Məlum olduğu kimi, biz hələ də Ermənistanla yekun sülhə nail olmamışıq. Sülh prosesi çərçivəsində artıq təzyiq metodlarının deyil, uzlaşmanın faydalı olacağını görmüş olacaqlar. COP29 fonunda diplomatik prestijin artmasının şahidi olacağıq. Bunun da sülh prosesinə təsiri olacaq”.

Törə Zeynallı
Demokrat.az 


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində dərc olunub.
Seçilən
50
50
demokrat.az

10Mənbələr