AZ

Deşam Mbappenin meydandakı mövqeyi haqda fikrini bildirdi

Fransa yığmasının baş məşqçisi Didye Deşam “xoruzlar”ın hücumçusu Kilian Mbappenin meydanda mükəmməl mövqeyi ilə bağlı sualı cavablayıb.

Arena.az xatırladır ki, fransız mütəxəssis “Real”ın fransalı ulduzunu bərbad idman forması səbəbindən milli komandanın oktyabr və noyabr toplanışlarına cəlb etməyib.

“Kimsə mənə deyəcək ki, onu hücumun mərkəzində oynatmalıyıq, çünki son iki klub çalışdırıcısı onu orada oynamağa məcbur edib. Amma o, Olivye Jiru qəbilindən futbolçu deyil. Bunların hamısı qarşı oynadığınız komandadan asılıdır. Mbappe cinahda oynayanda bunu sağda yox, sol cinahda etmək ehtimalı daha çoxdur. Baxmayaraq ki, onun sağ cinahda necə fəaliyyət göstərdiyini “Real”da son oyunların birində görmüşdüm. Bu, mövqeyi tarazlaşdırmaq məsələsidir, amma Mbappe üçün həmişə daha çox azadlıq vermək gərəkdir”.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyulunda PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 16 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun qalibi olub.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Seçilən
34
9
arena.az

10Mənbələr