AZ

Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nikol Paşinyan Ermənistanın müstəqillik bəyannaməsində reallıqdan uzaq olan məsələlərin olduğunu bildirib. Bəyannamədə Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması fonunda Ermənistanın Konstitusiyasının istinad nöqtəsi aradan qalxmış olacaq. Referenduma getmədən bu məsələnin həlli nə dərəcədə real görünür?

- Fakt odur ki, Ermənistan Konstitusiyası müstəqillik bəyannaməsinə istinad edir. Həmin bəyannamədəki iddialar ləğv olunduğu halda məsələlərin mahiyyəti tamam dəyişir. Çünki bəyannamədə konkret olaraq əsassız olaraq göstərilir ki, Ermənistan keçmiş Dağlıq Qarabağla birləşib. Bu bəyannamə o vaxt Ermənistan parlamenti tərəfindən qəbul edilib. Referendum yolu ilə belə bir iddialar ora salınmayıb. İndiki halda Ermənistan parlamentində bəyannamənin bu “bəndlərinin” beynəlxalq hüquqa ziddi olduğu əsas gətirilib aradan qaldırıla bilər.

- Ermənistan parlamentinin bunu etmək imkanları varmı?

- Vaxtilə SSRİ ali sovetinin rəyasət heyətinin qərari ilə də bu müddəalar ləğv edilmişdi. Bütün bunları nəzərə alaraq Ermənistan parlamenti müstəqillik bəyannaməsindəki əsassız ərazi iddialarını ehtiva edən müddəaların hüquqi-siyasi əhəmiyyətinin olmadığını nəzərə alaraq onun birdəfəlik aradan qaldırılmasına nail ola bilər. Beləliklə, Ermənistan konstitusiyasının əsas istinad mənbəyi itmiş olar.

- Belə çıxır ki bəyannamədəki əsassız iddiaların aradan qalxması ilə Ermənistanda konstitusiya dəyişikliyi məsələsinə hələlik ehtiyac yaranmır...

- Bəyannamə dəyişildikdən sonra konstitusiyaının dəyişdirilməsi heç də təcili xarakterə malik olmur. Yəni, konstitusiya dəyişikliyinə gedilsə və bəyannaməyə istinad təkrar olunsa, orada Azərbaycan ərazilərinə qarşı hansısa bir iddia da mövcud olmayacaq. Bütün bunların fonunda isə bəyannamə və konstitusiyanın dəyişdirilməsi labüddür.

- Asan yol nədən ibarətdir?

- İndi Paşinyan da asan yola qaçır. O ilk növbədə Ermənistanın müstəqillik bəyannaməsindəki həmin bəndləri aradan qaldırmağa çalışır. Daha sonra referendumala konstitusiyaya ediləcək dəyişiklər fonunda həmin istinad da aradan qalxmış olacaq.

- Amma Azərbaycan tərəfi sülh müqaviləsinin həm erməni xalqı ilə imzalanmalı olduğu deyir...

- Bu halda sülh müqaviləsinin imzalanması hansısa bir müddətə qalacaq. Çünki konstitusiyanın dəyişdirilməsi qısa zamanda mümkün deyil. Paşinyan 2027-ci ildə konstitusiya dəyişikliyi ilə bağlı açıqlama vermişdi. Amma erməni müxəlifətinin referendumu pozması da mümkündür. Referendumun olması üçün ən azı 50 faizlik səsvermə üstünlüyünə malik olmaq lazımdır. Sonuncu parlament seçkilərində isə Paşinyan 50 faizdən artıq səsə toplamışdı.

- Yəni, referendum Paşinyan hakimiyyətinin sonu da ola bilər tezisi gündəmə gələ bilər…

- Təbii ki, hay-haray salsalar ki, Paşinyan Azərbaycanın tələbi ilə Ermənistan konstitusiyasını dəyişir, bu onun üçün çox çətin olacaq. Bu halda referendum baş tutmaya bilər. Lap səsverməyə 30 faiz adam gəlib hamısı həmin məsələnin xeyrinə səs vermiş olsa belə, bu baş tutmayacaq. Hətta Ermənistanda hökumət böhranı da qaçılmaz olar.

- Referendumu sırf Bakının tələbinə bağlamadan prosesdən çıxmaq mümkündürmü?

- Paşinyan və onun parlamentdəki tərəfdarları bu məsələni həll edə bilər. Deputatları da erməni xalqı seçib. Onlar belə bir qərar vermək hüququna malikdir. Belə bir qərar olduğu halda ab-hava tamam dəyişəcək. Yəni Ermənistanın mütəqillik bəyannaməsindəki absurd iddialar aradan qalxacaq. Referenduma da Azərbaycanın tələbi ilə gedilmədiyi deyiləcək. Bununla da əsas məsələ həll olunacaq Referendumu sırf Bakının tələbi ilə bağlamadan prosesdən çıxmaq mümkündür.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
23
50
teleqraf.com

10Mənbələr