Olaylar xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Maryasin "Su, enerji, qida və ekosistemlər sahəsində regional əməkdaşlıq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyətin sürətləndirilməsi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, regional əməkdaşlıq enerji istehsalı üçün lazım olan resurslardan daha səmərəli istifadə edilməsində mühüm rol oynayır.
"Bu, şəbəkənin etibarlılığını və saxlama adekvatlığını təmin etmək üçün əsas olan hidroenergetikanın inkişafını tələb edir, eyni zamanda, kənd təsərrüfatının, suyun və enerjinin rəqabət tələblərini idarə edərkən, enerji keçidi üçün lazım olan nadir metalların və kritik mineralların istehsalını artırmaq üçün su lazımdır", - o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.