AZ

Təbiətin möcüzəsi - Kəlbəcər



Kəlbəcər bir təbiət möcüzəsidir. Bu möcüzəni, bu əsrarəngiz gözəlliyi nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər. Bu Allahın Azərbaycana bəxş etdiyi bir hədiyyədir. Kəlbəcər haqqında danışmağa nə sözlər, nə də zaman yetər. Kəlbəcərin hər daşı tarixdir, Kəlbəcərin hər qarışı qızıldır, Kəlbəcərin hər damcı suyu dərmandır, Kəlbəcərin hər qarış torpağı bərəkətdir, ruzidir. İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət ocağı, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə müəssisəsi, 1 muzey darmadağın edildi.

Kəlbəcər Ermənistanla sərhəd rayonudur. Şimalda Daşkəsən, Göygöl, Goranboy, Şimali-şərqdə Tərtər, Şərqdə Ağdam, Xocalı, Cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3724m) və Dəlidağda (3 616 m) yerləşir.

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir.

Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü

Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut
edir. Bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini aydın şəkildə əks etdirir.1990-cı illərin əvvələrindən başlayan erməni işğalları Kəlbəcərdən də yan ötmədi. 1993-cü il  aprel ayının 2-də Kəlbəcər mənfur düşmən tərəfindən işğal olundu.

Bu işğal 30 ilə yaxın bir müddət davam etdi. 30 ilə yaxın xalqımızın bağrı Qarabağ həsrətilə alışdı yandı. Və nəhayət, bu işğala son qoyulmağın zamanı çatdı. Müzəffər Azərbaycan Prezidenti cənab İlham Əliyev: “ Qarabağ Azərbaycandır “,- dedi. Azərbaycan xalqı 30 illik həsrətə son qoymaq üçün 44 günlük zəfər yoluna çıxdı. Bəli 44 günlük tayı-bərabəri olmayan, tarix boyu görünməmiş möhtəşəm azadlıq mübarizəsi, vətən müharibəsi və nəhayət o böyük gün , qələbə sevinci. Bu gün Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşmağın sevincini yaşayır.

Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu Kəlbəcər işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir. Bununla belə, Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Eyni sözləri biz noyabr ayının 20-də işğaldan azad edilmiş Ağdam və hazırda işğalının son günlərini yaşayan Laçın üçün də deyə bilərik. Əlbəttə, hərbi əməliyyatların gedişində Azərbaycan şəhidlər verib. Amma bu əməliyyatlar çox mürəkkəb relyefə, böyük əraziyə malik Kəlbəcərdə də aparılsaydı, o zaman itkilərimiz daha çox ola bilərdi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Belə ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yolla azad etməklə
döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürəti ilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu. Bu razılaşmaya əsasən, Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarını təhvil verəcəyinə dair öhdəlik götürdü.

Nihat Rzayev ,
Nəsimi rayon gənci



Seçilən
36
3
aia.az

4Mənbələr