AZ

Azərbaycan iqlim məsələlərinin müzakirəsi üçün seçilmiş doğru platformadır — Millət vəkili

 “COP29 çərçivəsində baş tutan tədbirlərin yüksək səviyyədə keçirilməsinin şahidi olduq. Bunu bütün dünya gördü. Məlumdur ki, 196 dövlətin və Avropa İttifaqının dəstəyi və ratifikasiyası ilə bu tədbirin ölkəmizdə keçirilməsi nəzərdə tutulmuşdu. COP28-dən sonra 11 ay ərzində tədbirə yüksək səviyyədə hazırlıq işlərinin aparılması, Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi etməsi təqdirəlayiq hal kimi dəyərləndirilməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Deputat bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinə mane olmaq istəyən, məkrli siyasət yürüdənlər də oldu:

“Bəzi iradlar vardı ki, Azərbaycan ənənəvi neft və qaz ölkəsi olduğu üçün bu tədbirə ev sahibliyi edə bilməz. Lakin biz tutarlı arqumentlər ortaya qoyduq. Azərbaycan istənilən vaxt alternativ enerji ilə bağlı, iqlimin müsbət istiqamətdə təsiri ilə bağlı keçirilən hər bir tədbiri dəstəkləyir. İqlim maliyyələşməsi ilə bağlı aparılan danışıqlar da öz töhfəsini verməkdədir. Cənab Prezidentin, BMT-nin Baş katibi Antonio Quterreşin, digər ölkələrin, o cümlədən ada dövlətlərinin nümayəndələrinin, həmçinin iqlim dəyişikliyindən əziyyət çəkən müxtəlif ölkələrin rəhbərlərinin çıxışı bir daha göstərdi ki, müəyyən problemlər var və həlli üçün addımlar atılmaqdadır. Azərbaycan bu məsələlərin müzakirə edilməsi üçün seçilmiş doğru platformadır”.

A.Nağıyev qeyd edib ki, G20 dövlətlərinin Braziliyada keçirilən sammitində iqlim bölməsində Azərbaycanın COP29-a rəhbərliyi ilə bağlı açıqlamalar, müsbət rəylər öz yerini tapıb:

“Yeni bir kollektiv dəyərin ərsəyə gəlməsi və Azərbaycanın COP29-a rəhbərliyi nəticəsində uğurlu nəticələrin əldə olunması da burada öz əksini tapdı. G20 dövlətləri iqlim fəaliyyətinin qorunması üçün önəmli addımlar atır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməklə və COP29-a ev sahibi olmaqla bir daha göstərdi ki, iqlim dəyişməsinə töhfə vermək üçün hansı platformalardan necə istifadə etmək lazımdır”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
65
demokrat.az

1Mənbələr