AZ

ABŞ yenə müharibəni SEÇDİ – Ağ Ev Yaxın Şərqdə sülhü niyə İSTƏMİR?

Xəbər verdiyimiz kimi, ABŞ BMT-nin Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs və girovların azad edilməsini tələb edən qətnamə layihəsini bloklayıb. Halbuki, bu qətnamənin qəbulu Qəzza zolağında dərhal atəşkəs və girovların azad edilməsinə yardımçı ola bilərdi. Üstəlik, bu layihənin qəbulu Fələstin və İsrail arasındakı sülh prosesinin yenidən başlaması üçün mühüm addıma çevrilə bilərdi.
 

MÖVZU İLƏ BAĞLI:

G20-nin liderləri Trampın Ağ evə qayıtmasını gözləyir - “Le Monde”


Lakin ABŞ yenə də öz ənənəsinə uyğun olaraq münaqişəni dəstəkləməyi seçdi.

ABŞ üçün İsrail niyə önəmlidir?

Vaşinqtonun hər zaman İsrailin yanında olduğunu və Təl-Əvivin qərarlarına hörmətlə yanaşdığını hər kəs bilir. Üstəlik, ABŞ İsrailə davamlı olaraq siyasi, iqtisadi və hərbi yardımlar edir. Məsələn, 2023-cü il oktyabrın 7-də Yaxın Şərqdə münaqişə kəskinləşməyə başlayandan bəri ABŞ İsrailə hərbi yardım üçün rekord məbləğdə vəsiat - 17,9 milyard dollar xərcləyib.

Braun Universitetinin "Müharibə xərcləri" layihəsi çərçivəsində hazırlanan hesabatda bildirilib ki, İsrail tarixdə ABŞ-dan ən çox hərbi yardım alan ölkədir. İsrail 1959-cu ildən bəri Vaşinqtondan ümumilikdə 251,2 milyard dollar alıb. 7 oktyabr 2023-cü ildən bəri ayrılan 17,9 milyard dollar məbləği isə tarixdəki ən böyük hərbi yardım həcmi olub. Məlumata görə, bu paketə hərbi maliyyələşdirmə, silah satışı və s. daxildir.

Qeyd olunub ki, daha 4,86 ​​milyard dollar ABŞ-nin regiondakı hərbi əməliyyatlarının əhatə dairəsinin genişləndirilməsinə, o cümlədən ticarət gəmilərinin Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husilərin hücumlarından qorunması kampaniyasına xərclənib.

Ötən aysa ABŞ İsrailə daha 8,7 milyard dollarlıq hərbi yardım paketi ayırıb. Yardım İsrail ordusunu döyüş vasitələri ilə təmin etmək və müdafiə silah sistemləri almaq üçün istifadə olunacaq. Məlumata görə, paketdən 3,5 milyard dollar artıq məbləğ İsrail Müdafiə Nazirliyinin hesabına köçürülüb.


Yada salaq ki, bir müddət əvvəl ABŞ-ın İsrailə təhlükəsizliyinin gücləndirilməsi, Hava-Hücumundan Müdafiə siteminin təşkil etmək məqsədi ilə Dövlət Departamentində saziş imzalamışdı. Sazişə əsasən, 2019-2028-ci illərdə İsrailin Silahlı Qüvvələrinin gücləndirilməsinə 33 milyard dollar, raketdən müdafiə sisteminin təşkil olunmasına isə 5 milyard dollar ayrılacaq.

Ümumilikdə isə yardımın həcmi 38 milyard dollara bərabərdir.

Ən nəhayət daha bir faktı xatırladaq ki, bu il aprelin 20-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım paketi qəbul edilib. Həmin paketdə İsrailə nə az, nə çox düz 26 milyard dollarlıq yardım nəzərdə tutulub.

ABŞ qətnaməni bloklamağı bir təsadüf deyil

Göründüyü kimi, ABŞ İsrailə hər cür maliyyə və hərbi yardım edir. Bu yardımlarsa sonradan topa, gülləyə çevrilib müsəlman dünyasının başına yağır. Hər zaman haqdan, ədalətdən danışan ABŞ birmənalı şəkildə regional münaqişələri dəstəkləyir. Həmin münaqişələrin uzun müddətli olması üçün də bütün imkanlardan yararlanır.

Çünki müharibələr, münaqişələr ABŞ-ın birbaşa maraqlarına xidmət edir. Ona görə də ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs və girovların azad edilməsini tələb edən qətnamə layihəsini blokladı.

Təbii ki, Amerika öz niyyətini gizlətmək üçün çox zaman ikili oyun oynayır. Münaqişənin hər iki tərəfinə yardım edir. Amma digər tərəfə edilən yardımlar bir qayda olaraq simvolik xarakter daşıyır. Məsələn, ABŞ fələstinlilərə bu yaxınlarda  135 milyonluq yardım paketini açıqlayıb.

Rəqəmlərdəki fərq təbii ki, hər şeydən xəbər verir.

ABŞ hər zaman İsrailin strateji tərəfdaşıdır.

Ona görə də Ağ Evdə kimin oturmasından asılı olmayaraq ABŞ İsraili bütün sahələrdə dəstəkləyir, ona hər cür maliyyə, siyasi və hərbi yardımlar edir. Üstəlik, iki ölkənin liderləri davamlı əlaqələr saxlayır, növbəti addımları müzakirə edirlər.

Məsələn, bu günlərdə ABŞ Prezidenti Co Bayden ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutan növbəti telefon danışığında açıq şəkildə bəyan edib ki, ABŞ İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqdir:

“Yerusəlimdə sinaqoq yaxınlığındakı terror aktı ilə bağlı İsrailə lazımi yardımı göstərməyə hazırıq. Bu, sivil dünyaya hücumdur”.

Çox təəssüf ki, Co Bayden İsrailin hücumları zamanı dağıdılan məscidlər və qırılan minlərlə sivil haqqında bir kəlmə danışmır. Bu da təbii ki, ABŞ-ın mahiyyətini göstərir.

Daha bir faktı deyək ki, Donald Tramp hələ prezidentlik səlahiyyətlərinin icrasına başlamasa da son bir ayda iki dəfə İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Bu da o deməkdir ki, Ağ Evdə kimin oturmasından asılı olaraq ABŞ-ın İsrailə hər cür yardımı dayanmayacaq. Bu yardımlar hesabına Yaxın Şərqdə hələ çox qanlar axacaq.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr