AZ

"Yalan deyirlər, inanmayın..." - Cavanşir Quliyev

Əməkdar incəsənət xadimi, mahnıları dillər əzbəri olan bəstəkar Cavanşir Quliyev “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Cavanşir bəy, bu gün doğum gününüzdür. Sizi təbrik edirik, möhkəm can sağlığı arzulayırıq. Səhhətiniz necədi?

- Şükür Allaha, hələ ki yaxşıyam.

- Bəs işləriniz?

- İş gedir, təzəsi də var, köhnəsi də… Konkret nəsə yoxdur, amma iş var.

- Yeni musiqilərinizi səbirsizliklə gözləyirik.

- Sağlıq olsun, eşidəcəksiniz.

- 2024-cü il başa çatır. Sizin üçün ilin necə yadda qalacağını soruşmaq istəyirəm. Amma ilk ağlıma gələn bu il səhhətinizlə bağlı yaşadığınız və sizinlə birgə sevənlərinizi də üzən narahatlığınız oldu. Şükür, arxada qaldı.

-Qızım, sən hamısını dedin...

- Mən dedim, amma bilmədiklərimi də sizdən eşitmək istəyirəm.

- Düz dedin, bu ilim xəstəliklə boğuşaraq keçdi. Bütün ilboyu bir neçə dəfə həkimlərə getdim-gəldim. Ona görə mənim üçün 2024 həm əməliyyat, həm müalicə, həm də mübarizə ili oldu. Arada yaradıcılıqla bağlı bəzi işlər gördüm. İstədiyim kimi olmasa da, oldu...

- Bəs ümumən Azərbaycan musiqi aləmində sizin diqqətinizi çəkən nələr baş verdi?

- Mənim üçün maraqlı bir hadisə olmadı. Əksinə, tənəzzül davam edir. Musiqinin hər sahəsində… Xalq mahnılarından tutmuş simfonik musiqiyə qədər tənəzzüldür. Və bu dayanmır, gedir, çünki səbəb musiqiçilərdə deyil. Səbəb cəmiyyətin ümumi durumudur və yeni reallıqlara alışmamağımızın nəticəsidir.

Biz hələ də sovet mühitində yaşamaq istəyirik. Ki, hər şeyi hökumət eləsin, bizim nazımızla oynasın. Məhdudiyyətlər də var, amma nazımızla da oynayırlar. Halbuki indi başqa zamandır, heç kim heç kimin nazı ilə oynamır. Heç kəs heç kəsi düşünmür. Ona görə də musiqiçilər ortada çaş-baş qalıblar. Və çıxış yolu hələlik görünmür. Gələcəkdə nə olacaq, bilmirəm, amma, məncə, yaxşı şeylər olmayacaq.

- Deyirlər, ümid ən sonda ölür...

- Yalan deyirlər, inanmayın. Hamısı gəlişi gözəl sözlərdir. Rusların sözüdür, tərcümə edib deyirik. Hətta görürsənmi, burda da köhnə düşüncələrlə yaşayırıq. Yəqin ki, 40 ildən sonra nəsə dəyişər.

Bilirsiniz ki, Musa peyğəmbər yəhudiləri 40 il səhrada gəzdirdi, sonra torpağa gətirdi. 40 ilə də nəsillər dəyişdi, yeniləri gəldi, quldarlıq dövrünün hissiyatları o insanlarla öldü. Səhrada yeni, azad insanlar doğuldular. Musanın da niyyəti bu idi. O zaman həmin insanları torpağa gətirdi və dedi ki, indi yaşayıb dövlət qurun.

Bizə də Musa lazımdır ki, bizi səhraya çıxarsın və sovet yaşam tərzini unudaq.

- Cavanşir bəy, doğum günlərini qeyd edirsinizmi?

- Sonuncu dəfə 10 yaşımda valideynlərim mənim üçün ad günü keçirtmişdilər.

- Bu dəfə də dostlar gələr.

- Dostlarım çox azdır, tanışlarım var. Mən hər adama dost demirəm. Hamısına da demişəm ki, doğum günü qeyd etmirəm, çünki sevinməli nələrsə yoxdur. Uşaqlıqda bu bayram idi, amma yaş artdıqca… Bu mənada bəzən doğum günlərini çal-çağırla qeyd edən insanları anlamıram.

- Ola bilməz ki, sevinməyə nəsə tapmayasınız?

- Ailəmdə qızımın, nəvəmin sağ olmağını, sağlam olmağını biləndə… Hər hansı əsəri bitirəndə… Bəli, onda sevinirəm. O da uzun çəkmir, bir azdan sonra yeni əsərin düşüncələri gəlir, beləcə həyat davam edir. Ona görə də həqiqi sevinc bu həyatda çox deyil…

- Ona çatanda da doya-doya yaşamaq gərəkir. Sağlam canla sizi sevincə qərq edən neçə-neçə əsərlər yazasınız.

- Diqqətinə görə çox sağ ol, qızım.


Müəllif: Nərmin Muradova
Seçilən
27
teleqraf.com

1Mənbələr