Olaylar xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Əvvəldən bəlli idi ki, bu iqlim konfransı, ilk növbədə, maliyyələşdirmə məsələlərinə həsr olunub. Məqsədimiz 2035-ci ilə qədər böyük iqlim çağırışları, zərərlər və itkilərlə, eləcə də, genişmiqyaslı adaptasiya tədbirləri ilə necə mübarizə aparacağımızı müəyyən etməkdir. Bunu birlikdə və, ən əsası, ədalətli şəkildə etməyimiz vacibdir.
Həmçinin, aydın idi ki, iqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil. Əgər planetdəki bütün zərərləri ödəmək üçün təxirəsalınmaz addımlar ataraq, qlobal istiləşməni 1,5 dərəcə çərçivəsində saxlamağa yönəlməsək, bu problemi maliyyələşdirə bilmərik.
Qlobal istiləşmədə hər 0.1 dərəcə artım nəticələri daha da bahalı edir. Məhz buna görə Avropa nümayəndə heyəti olaraq Dubayda əldə etdiyimiz nailiyyətləri, xüsusən də emissiyaların azaldılması məsələsində, möhkəmləndirmək və bu əsasda gələcək iqlim maliyyələşdirilməsini qurmaq bizim üçün son dərəcə vacib idi.
İqlim maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil, CO2 emissiyalarının azaldılması isə bütün ölkələrin bunu həyata keçirə bilməsi üçün maliyyə təminatı tələb edir", - deyə Annalena Berbok bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.