AZ

"Uşağım qoç bürcü olsun!" - Dəbə çevrilən qeysəriyyənin TƏHLÜKƏLƏRİ

Azərbaycanda son illər qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşa üstünlük verənlərin sayında artım müşahidə edilir. Bir çox hallarda bu üsula tibbi zərurətdən müraciət edilsə də, bəzən belə bir zərurət olmadan, şəxsi səbəblərə görə ailələr qeysəriyyə əməliyyatını seçirlər.

 

Ölkəmizdə bəzən ailələr sadəcə şəxsi arzuları əsasında bu üsulu seçirlər. Bunlar arasında ən maraqlı nümunələrdən biri uşağın doğum tarixinin xüsusi rəqəmlərə uyğunlaşdırılmasıdır. Məsələn, 11.11, 22.02 kimi rəqəmlərin xüsusi mənası olduğuna inanan ailələr bu tarixlərdə doğum üçün qeysəriyyəyə müraciət edirlər.

 

Hətta övladının bürcünün nə olacağına qərar verən adilələr də var. Nümunə üçün qeyd edək ki, övladının liderlik xüsusiyyətlərinə malik qoç bürcünün aid olduğu ayda doğulmasını arzulayır və bu səbəbdən əməliyyatı konkret tarixə planlaşdırırlar.

 

Qeysəriyyə ilə doğuma üstünlük verənlər arasında təbbi doğuşdan qorxan, bu üsulun asan olduğuna inanan qadınlar da üstünlük təşkil edir.

Mövzu ilə bağlı Modern.az-ın suallarını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru, dosent Aynurə Əmirova cavablandırıb.

 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan “Qeysəriyyə kəsiyi əməliyyatına dair” kliniki protokolda göstərişlər arasında ananın istəyi ilə əməliyyatın icra olunması yoxdur:

 

“Qeysəriyyə kəsiyi yalnız tibbi göstərişlər əsasında olmalıdır. Planlı qeysəriyyə əməliyyatının icrası həmin kliniki protokola əsasən tək döllü hamiləlik zamanı hamiləliyin 39-cu həftəsində, əkiz döllü hamiləlikdə isə 38-ci həftədə icra olunması məsləhət görülür. Bu dölün ciyərlərinin hazır olması ilə bağlı seçilir. Əgər əməliyyat daha erkən həftələrdə icra olunursa yenidoğulmuşda ağciyərlərin tam yetişməməsi, distress sindromun inkişaf etməsi müşahidə oluna bilər”.

 

A.Əmirova bildirib ki, çox zaman da əgər planlı qeysəriyyə əməliyyatı 39-cu həftədən tez icra olunursa yenidoğulmuşların tranzitor taxitnoyası diaqnozu ilə ya intensiv terapiya palatasına, ya da yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilə bilər:

 

“Belə fəsadların yaranmaması üçün tövsiyə olunur ki, 39-cu həftədə sırf qeysəriyyə əməliyyatı planlı olan halda icra olunsun. Təbii ki, əgər təcili hallar varsa 39-cu həftə gözlənilmir və hər zaman lazımi müdaxilənin vaxtında icra olunması öncəlikdir”.

 

Bürcə, xüsusi rəqəmlərə görə uşaq dünyaya gətirənlərlə bağlı saytımıza danışan sosioloq Mail Yaqub isə bildirib ki, cəmiyyətdə belə çatışmazlıqlar var:

 

“İnsan həyatının əsas məsələlərini bir kənara qoyaraq təfərrüata, haşiyəyə gedir. Bəzən insanlar həyatında əsas şeylərlə xoşbəxt ola bilmir. Bu zaman da özünü xoşbəxt etmək üçün bu cür cılız şeylərə sığınır. İnsan həyatında işi ilə, dostları ilə, ailəsi ilə, ona verilən dəyər ilə, qazandığı uğurlar ilə xoşbəxt olmalıdır. Belə insanlar sanki bunların heç birini qazana bilmədiyi üçün belə düşünür ki, bu onu xoşbəxt edə biləcək. Bu boğulan insanın saman çöpünə yapışıb qalması kimi belə absurd, mənasız şeylərə yapışıb qalırlar”.

Seçilən
7
1
modern.az

2Mənbələr