AZ

Şənbə üçün nəzm

Aida Adıgözəl

Çıx ta, könlümün adamı,

çıx bu saraydan, istəməz.

Tanrısına təpik atan,

bu lütf, bu paydan, istəməz.

Yaz yürüdümsə yollarda,

başım qalda, könlüm darda.

Qış, onda hardaydın, harda?!

Sel suyu çaydan istəməz!

Sən sevəni vəba tutsun,

şahlığı başına uçsun.

Unutsun, səni unutsun,

azalsın saydan, istəməz.

Keçər ağrı, can sağalar,

yaradan tək izi qalar.

Bir gün ürək verər qərar,

möhür, - bu aydan istəməz.

Qayıt ruh sərgəştəliyim,

ayıl, könül sərməstliyim.

Keçsin Leyla xəstəliyim,

qəlb bu haraydan istəməz.

***

Bilirdim,

ürəyimə dammışdı

qayıdacaqsan bir gün.

Əllərin ətəyindən uzun,

gözlərimin kökü saralanda...

Çox şeylər deyərdim sənə,

çox şeylər yazardım sənə...

Amma indi nə faydası?

Daha sevdiklərindən

Tanrı yaratmağı unudub qadınlar...

***

Niyə inciyirsən ömür ağacım?

Səni mən kəsmədim

qələm etmədim.

Sənin yazdığına nə ümid edib

nələr arzulayıb

nələr güdmədim?!

Nədən inciyirsən ey fəsli bahar?

Bu qış biraz sərtdir,

qar da biraz çox.

Bəlkə də Allahın xəbəri yoxdur

bu qış torpağın da

qara gözü tox!

Niyə inciyirsən uçmuş müqəvva?

Daha payız keçdi

bostanda məhsul,

yaşıl bağçalarda ərik qalmadı.

Səndən kənar uçan

qorxaq sərçələr,

səni qaldıracaq insan olmadı...

Seçilən
32
yeniazerbaycan.com

1Mənbələr