AZ

Piyadanı vuraraq öldürən direktor müavininə şərti cəza verildi

Ağcabədi Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İdris Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttihama görə, hadisə 20 fevral 2024-cü il tarixdə, saat 21 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Heydər Əliyev parkının yaxınlığında qeydə alınıb.


Belə ki, 1993-cü il təvəllüdlü, rayon sakini İdris Əsədov etibarnamə əsasında idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyada Ədalət Abbasovu vurub. Yaralı aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.


Hadisədən sonra İdris Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Qeyd: İdris Əsədov qurumlardan birində təsərrüfat sektorunun müdiri, direktor müavini vəzifəsində işləyir.

 

Kamal Məmmədov 

Tarix: 23 Noyabr 2024, 09:16   
Seçilən
13
2
pravda.az

3Mənbələr