AZ

Texasda məktəblərdə "İncil" tədris olunacaq

Donald Trampın ABŞ-də yenidən prezident seçilməsindən sonra respublikaçıların üstünlük təşkil etdiyi Texas ştatı ibtidai məktəb kurikulumuna "İncil"dən istinadlardan ibarət kursun əlavə edilməsini təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, Texasda mübahisə mövzusu olan Müqəddəs Kitab "İncil"in istinadlarını ehtiva edən məktəb kurikuluma dair səsvermə Texas Təhsil Şurası tərəfindən keçirilib.

Şura 1 səs fərqlə (8-ə 7) təsdiq edilmiş “Blubonnet” adlı kurikulumun dövlətin təhsil müəssisələrində təsdiq edilmiş materiallar siyahısına əlavə edilməsi barədə qərar qəbul edib.

Texasdakı məktəblər istifadə etmək istədikləri kurikulumdan birini seçə biləcəklər, lakin dövlət “Bluebonnet” kurikulumunu seçən məktəblərə hər şagird üçün 60 ABŞ dolları məbləğində maddi təşviq təklif edəcək.

2025-ci ilin avqustunda hazır olması planlaşdırılan kurikulum uşaq bağçasından beşinci sinfə qədər olan dövrü əhatə edəcək. 

Kurikulumun bəzi dərslərində hər kəsə məlum olan "İncil" hekayələri daxil edilir.

Keçən il Texas dövlət məktəblərində sertifikatsız ruhanilərin işə götürülməsinə icazə verildi və dövlət məktəblərində "Tövrat"da qeyd olunan On Əmirin nümayişini tələb etmək üçün təzyiq edildi. 

Texas Təhsil Agentliyi may ayında dərc etdiyi mətbuat şərhində dini kurikulumu müdafiə edib.

Texas qubernatoru Greg Abbott da əvvəlki bəyanatında sözügedən "İncil" kurikulumunu dəstəklədiyini açıqlamışdı. 

Ştatdakı bəzi qeyri-hökumət təşkilatları kurikulumda "İncil" və "Tövrat"dan başqa dinlərin və müqəddəs kitabların yer almadığını əsas gətirərək tənqid edib.

Oxşar təşəbbüslər Luiziana və Oklahoma kimi yüksək dindarlığa malik ştatlarda mübahisələrə və məhkəmə çəkişmələrinə səbəb olub.

Seçilən
10
cebheinfo.az

1Mənbələr