AZ

Müharibənin əhatə dairəsi genişlənir

Ukraynanın hücumlarına nüvə silahı ilə cavab veriləcək

Rusiyaya atılan raketlərin istehsalçısı olan ölkələr də hədəfdədir


  Rusiya qitəlararası ballistik raketlərlə Dneprə ağır zərbələr endirib. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiyadan atılmış raket bütün xüsusiyyətləri, yəni sürət və yüksəklik baxımından qitələrarası ballistik raketlərə uyğun gəlir: "Bu gün başdanxarab qonşumuz bir daha göstərdi ki, o, əslində kimdir. O, insan ləyaqətinə, azadlığa və ümumilikdə insanların həyatına necə hörmətsizlik etdiyini nümayiş etdirdi. Eyni zamanda necə qorxduğunu da sübut etdi. O qədər qorxur ki, artıq yeni raketlərdən istifadə edir və dünya boyu silah axtarır: gah İranda, gah da Şimali Koreyada... Aydındır ki, Putin Ukraynanı poliqon kimi istifadə edir. O, normal həyatın onun yaxınlığında mövcudluğundan, insanların sadəcə ləyaqətli yaşamasından və ölkənin müstəqil olmaq haqqına sahib olmasından qorxur". Zelenski əlavə edib ki, Ukraynaya qarşı atılan ballistik raket Rusiyanın qəti şəkildə sülh istəmədiyinin bir daha sübutudur: "Dünya buna reaksiya verməlidir. Rusiyanı ancaq güc yolu ilə real sülhə məcbur etmək mümkündür. Əks halda Rusiyanın sonsuz zərbələri davam edəcək, təhdidləri və sabitliyi pozulacaq". Pentaqonun mətbuat katibi Sabrina Sinq deyib ki, ABŞ Rusiyanın yeni silah növündən istifadə etməsindən narahatdır. O, bunu Dnepropetrovskdakı hərbi sənaye obyektinə "Oreşnik" raketinin hücumunu şərh edərkən deyib. Amerika hərbi departamentinin nümayəndəsi həmçinin etiraf edib ki, ABŞ raketin buraxılışından az əvvəl Rusiyadan müvafiq xəbərdarlıq alıb. Rusiya Prezidenti Vladimir Putin rus ordusunun bütün təmas xətti boyunca uğurlu hücum əməliyyatı keçirdiyini deyib. Kreml rəhbəri qeyd edib ki, Ukrayna Qərbin uzaqmənzilli raketlərindən istifadə etməsinə baxmayaraq, rus əsgərləri irəliləməyə davam edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib ki, Rusiya orta mənzilli “Oreshnik” raketini işə salmamışdan əvvəl Milli Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-yə bildiriş göndərib. Kreml nümayəndəsi bildirib ki, xəbərdarlıq buraxılışdan 30 dəqiqə əvvəl avtomatik olaraq göndərilib. Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin deyib ki, Rusiya ərazisinə “Storm Shadow” raketi ilə hücumdan sonra Böyük Britaniya Ukraynadakı müharibədə birbaşa iştirak edir: "Böyük Britaniya indi bu müharibədə bilavasitə iştirak edir. Çünki bu atışlar NATO, o cümlədən Britaniya personalı olmadan baş tuta bilməz". Kelin əlavə edib ki, Rusiya ərazisinə zərbə endirmək qərarında ABŞ və Fransa da iştirak edib. Onun sözlərinə görə, bu, nüvə ölkələri arasında toqquşmaya səbəb ola bilər. Ekspertlərə görə, əlavə yardıma baxmayaraq, Ukrayna son aylarda itirilmiş əraziləri geri qaytarmaqda çətinlik çəkəcək. Ölkənin Şərq regionları tədricən Rusiyanın nəzarətinə keçir. Kursk vilayətində isə Ukrayna qoşunları Şimali Koreyadan cəlb edilmiş çağırışçıların döyüşlərdə iştirakı səbəbindən qismən məğlubiyyətlə üzləşib. 
  Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ukrayna müharibəsi başlayandan etibarən Qərbin Kiyevə ilk dəfə belə bir icazə verməsinin təxminən iki ay sonra başlayacaq post-Bayden dövrünə, Trampın gəlişinə hazırlıq olduğu aydındır. Ekspertə görə, bu gedişin iki taktiki hədəfi var:

"Trampın çağırışları Ukrayna müharibəsinin masada Rusiyanın xeyrinə həll ediləcəyi gözləntisini yaradıb. Kiyevə verilən raketlərlə Rusiyaya hücum icazəsində ilk hədəf mümkün danışıqların pozulmasıdır. Digər yandan Bayden administrasiyası, London və Paris də anlayır ki, iki ay sonra Ağ Evə qayıdacaq Tramp Kiyevə yardımı dayandıracağı, yaxud azaldacağı təqdirdə, Moskva hərbi və diplomatik müstəvidə önə çıxacaq. Onu da anlayırlar ki, hadisələrin bu istiqamətdə inkişafının önünü kəsmək o qədər də asan deyil. Rusiyaya maksimum zərbələr endirmək danışıqlar masasında Kiyevin mövqeyini gücləndirməyə, zəbt edilən ərazilərin ən azı müəyyən qisminin mübadiləsi imkanını yaratmağa çalışırlar. Lakin eyni hədəf ətrafında birləşən hər üç ölkənin öz maraqları da var. Bayden Administrasiyası Tramp üçün “problemli miras” qoyur. Xüsusilə Ukraynanın güzəştə məcbur edilməsi perspektivinin mümkünsə qarşısını almaq, yaxud ən azı çətinləşdirmək istəyir. Ukraynada Rusiyanın qələbəsi Londonun Avrasiyada Moskvanın “qlobal güc” olmadığı planlarına ziddir. Qələbə Rusiyanı “çoxqütblü dünya”da güclərdən birinə, ən azı hərbi baxımdan nəzarət edilməsi mümkün olmayan mərkəzinə çevirə bilər. İngiltərə müharibənin ilk mərhələsində Qərb ölkələrini Kiyevə dəstəyə sövq etməklə, eləcə də İstanbulda razılaşmanı son anda aradan qaldırmaqla bu perspektivin qarşısını aldı, indi Trampın gəlişi riskləri yenidən aktuallaşdırıb. Trampla Putinin Ukrayna üzərində anlaşması Parisin “öz evində məğlub olmasıdır”. Makron Rusiyanın da iştirakı ilə Avropanın yeni təhlükəsizlik sistemini qurmaq istəyirdi. Müharibənin başlanmaması üçün Moskvanın ABŞ/NATO-dan istədiklərini verməyə hazır idi, müharibənin başlanmasından sonra da buna çalışdı. Trampın gəlişindən sonra ruslarla amerikalılar razılaşarsa, bu, Parisin Vaşinqtonun təsirindən xilas olmaq, Avropanı yeni dünyada müstəqil güc mərkəzinə çevirmək planlarını ciddi şəkildə riskə atacaq".
  Analitikə görə, hadisələrin inkişafı Rusiyanın atacağı addımlardan asılı olacaq: "Putinin yenilənən nüvə doktrinasını təsdiqləməsi nəzəri olaraq, müharibənin Ukrayna sərhədlərini aşacağı riskini aktuallaşdırdı. Doktrinaya edilən dəyişikliyə görə, nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətlərinin hücumlarına nüvə silahı ilə cavab veriləcək. Yəni Rusiyaya atılan raketlərin istehsalçısı olan ölkələr də hədəfdədir. Putin də bəyan etdi ki, “bu andan etibarən Ukrayna münaqişəsi qlobal xarakter alır”. Moskva nüvə təhdidini nəzəri olaraq irəli sürsə də, Trampın Ağ Evdə fəaliyyətə başlamasına qədər müharibə arealının genişlənməməsinə çalışacaq".

Seçilən
0
1
sherg.az

5Mənbələr