AZ

200 milyon gəlirə görə ildə 3 milyard manat itiririk - Ekspert

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bu il 100 min hektara yaxın ərazidə pambıq əkilib. Bunu mətbuata açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. O bildirib ki, hələlik pambıq yığımı davam edir: “Havaların yağıntılı keçməsi taxıl üçün yaxşı olsa da pambıq üçün zərərlidir. Ona görə də istehsal həcmi ilə bağlı hələlik nəsə demək çətindir”.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 276,1 min ton pambıq yığılıb. Bu isə əvvəlki ilə nisbətən 14 faiz azdır.

Yeri gəlmişkən, indiyədək ölkədə pambıq istehsalında ciddi artım qeydə alınmayıb. Halbuki 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda pambıq istehsalının 2022-ci ilədək 500 min tona çatdırılması nəzərdə tutulurdu. Dövlət proqramı qəbul edilən il ölkəmizdə 207 min ton pambıq istehsal edilmişdi. 2022-ci ildə Azərbaycanda 322  min ton pambıq istehsal olunub ki, bu da vəd edilən rəqəmdən 178 min ton azdır. 2023-cü ildə isə qeyd etdiyimiz kimi pambıq istehsalı 14,4 faiz azalaraq 276,1 min tona bərabər olub.

Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycanın 24 rayonu üzrə ümumilikdə 103 min hektar sahədə pambıq əkilib. Ötən il isə 93 722 min hektar sahədə pambıq əkilmişdi.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, ümumiyyətlə, Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün perspektiv yoxdur və bu sahə yavaş-yavaş tənəzzülə uğrayır: “Ölkəmizdə pambıq istehsalı üçün kiçik ərazidə münbit şərait var və bu da Bərdə rayonudur. Əslində

 Azərbaycanda pambığın strateji məhsul elan edilməsi səhv startegiyadır. Hamı sovet dövründə Azərbaycanın pambıqçılıq sahəsində əldə etdiyi nəticələri misal çəkir. Birincisi, Azərbaycan statistikada göstərilən qədər pambıq verməyib. Son illərin pambıq planları şişirdilib. Azərbaycan pambığı keyfiyyətsiz pambıqdır. Bizim pambığın lif çıxımı aşağı olduğuna görə, bu pambıq çiyiddən ayrılıb Özbəkistana göndərilirdi. Orada bu pambıq emal olunmalı idi, ancaq emal etmirdilər. Azərbaycan pambığından zavodun ətrafında böyük bir “dağ” əmələ gəlmişdi. Azərbaycan iqlimi pambıqçılıq üçün yararlı deyil”.

A.Nəsirli hesab edir ki, artıq Azərbaycan hökuməti mövcud strategiyanı dəyişib, pambıq altında olan sahələri digər bitkiçilik və heyvandarlıq sahələrinə verməlidir: “Bu gün pambıq Azərbaycana ildə maksimum 200 milyon dollar qazanc gətirir. Kənd təsərrüfatı mənşəli ərzaq məhsullarını xaricdən idxal etmək üçün 3,5 milyard dollar vəsait xərcləyirik. Ölkədə dollara tələbat əsas buna görə yaranır. Bu gün 200 milyona görə ildə 3 milyard manat itiririk. Biz strategiyanı dəyişməklə xaricə 3 milyard dollar axının qarşısını 80-90 faiz ala bilərik. Həm də xaricdən asılı ölkə olmarıq. Azərbaycan kənd təsərrüfatı məhsullarına olan ümumi tələbatın 50 faizindən çoxunu xaricdən idxal edir. Bu da çox ciddi iqtisadi asılılıqdır, həm də ölkənin milli təhlükəsizliyinə təhdiddir. Həm iqtisadi, həm də milli təhlükəsizlik baxımından Azərbaycan pambıqçılıqdan əl çəkməlidir və pambıq tarlaları altında olan sahələr bitkiçilik və heyvandarlığa verilməlidir. Ölkədə süd və ət qıtlığı yaşanır. Gündən-günə ətin qiyməti bahalaşır. Digər tərəfdən ildə 1, 3 milyon ton ərzaq buğdası idxal edirik. Pambığın əvəzinə ərzaq buğdası əkə bilərik. Bu baxımdan həmin strategiyaya son qoyulmalıdır”.

Ölkədə gözlənilən pambıq istehsalına gəlincə, ekspert qeyd edib ki, hava şəraitinin qeyri-sabit keçməsi istehsalı əhəmiyyətli dərəcədə azaldacaq: “Onsuz da bu sahədən ciddi nəticələr əldə edə bilməmişdik. Hava şəraitinin soyuq və yağıntılı keçməsi isə məhsuldarlığa mənfi təsir edəcək. Bu il demək olar ki, pambığın birinci yığımı baş tutmadı. Yay aylarında hava şəraitinin qeyri-sabit keçməsi zərərvericilər üçün əlverişli şərait yaratdı ki, bu da birinci yığımda məhsuldarlığı sıfıra endirdi. Halbuki pambığın birinci yığımında məhsuldarlıq ən yüksək səviyyədə olmalıdır. İndi də noyabr ayıdır və günəşli günlərin sayı azdır. Qozaların açması üçün müəyyən temperatur lazımdır. Bütün bunları nəzərə alsaq, məhsuldarlığın, təxminən, 30 faiz azalacağını proqnoz etmək olar”.

Seçilən
38
hafta.az

1Mənbələr