AZ

Özünüməşğulluq proqramı çərçivəsində verilən mal-qara tələf olur VİDEO

Özünüməşğulluq proqramı çərçivəsində Göygöl sakininə təqdim edilən mal-qara xəstə çıxıb. Belə bir iddianı rayon sakini Kərim Mehdiyev səsləndirib.

Xezerxeber.az-ın məlumatına görə, Kərim Mehdiyev Dövlət Məşğulluq Agentliyinin Göygöl rayon şöbəsinə özünüməşğulluq proqramından yararlanmaq üçün müraciət edib. Onun müraciətinə 4 il sonra cavab verilib. Lakin sevinci çox da uzun çəkməyib. Rayon sakini Kərim Mehdiyev iddia edir ki, heyvanları ilk olaraq görəndə etiraz etsə də, sonradan qəbul etmək məcburiyyətində qalıb.

Yeni Zod sakininin aldığı inəklərdən birinin vəziyyətinə uyğun olaraq dərhal baytar həkimlərin rəyinə əsasən, müalicəsinə başlanıb. Ancaq heyvanı sağaltmaq mümkün olmayıb. 

Kərim Mehdiyevin dediyinə görə, Dövlət Məşğulluq Agentliyinin Göygöl rayon şöbəsinə müraciət etdikdən sonra ona ölən heyvanın başqası ilə əvəzlənəcəyi deyilsə də, sonradan bundan imtina edilib.

Dövlət Məşğulluq Agentliyindən isə "Xəzər Xəbər"ə bildirilib ki, Kərim Mehtiyevə təqdim edilən heyvanlardan birinin tələf olması ilə bağlı müvafiq sənədlər və məlumatlar araşdırılıb. Məlum olub ki, heyvanlar vətəndaşa verilməzdən öncə AQTA-nın apardığı yoxlama zamanı onlarda hər hansı infeksiya törədicisi aşkarlanmayıb. Aktivlər istifadəyə tam yararlı vəziyyətdə olub və onları vətəndaş özü seçib.

“Bu səbəbdən heyvanın dəyişdirilməsindən imtina edilib. Özünüməşğulluq proqramı üzrə mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır",-deyə qurumun məlumatında qeyd edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
xezerxeber.az

1Mənbələr