AZ

Bu, Azərbaycana lazım deyil — COP29-da hansı sirlər ifşa olundu?

İkinci Qarabağ müharibəsi qurtarar-qurtarmaz Qərb dövlətlərinin iç üzü açılmağa başladı. Sən demə, xristian təəssübkeşliyi və ikili standartlar Avropanın canındaymış.
Avropada müsəlmanlara, xüsusilə türklərə münasibət əsrlər boyu özünü göstərib və Qərbin müsəlman dünyasına düşmən münasibəti də ortadadır. İslamofobiyanın tüğyan etdiyi zamanda anti-Türkiyə, anti-Azərbaycan mövqeyi Avropada hər gün yeni forma alır. 30 il Azərbaycan ərazilərinin işğalına göz yuman, bizi işğalla barışmağa çalışan Qərb öz yurd-yuvalarından qaçqın düşən 1 milyona yaxın azərbaycanlının taleyinə də biganə idi. Azərbaycan suveren ərazilərini azad edəndə isə başqa hava çalmağa başladılar. Sən demə, ərazilərimizin işğaldan azad edilməsi bunların ürəyincə deyilmiş.


Məhz Ermənistanın acı məğlubiyyəti ilə barışmayan Qərb ermənilərin müdafiəçisi rolunda çıxış etməyə başladı. Qarabağdakı ermənilərin “pozulan” hüquqlarını siyasi platformalarda qabardan Avropa siyasətçilərinin əslində bir nöqtədən idarə olunması şübhə doğurmurdu. Açıq-aydın Ermənistanı müdafiə edən, İrəvana hərbi-siyasi yardım göstərən Fransanın apardığı siyasətin başında anti-Azərbaycan mövqeyi dayanırdı. Danışıqlarda Ermənistanın yanında olan, Paşinyanı bir dəqiqə gözündən qoymayan Fransa prezidenti Avropanın digər dövlətlərini də Azərbaycan əleyhinə iş aparmağa sövq edə bilmişdi.

Məhz kollektiv Qərbin təsiri altında siyasi təşkilatlarda Azərbaycanın əleyhinə bəyanatlar səslənir və qətnamələr qəbul edilirdi. Ölkəmizi “etnik” təmizləmədə ittiham edən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır və bizi sanksiyalarla hədələməkdən belə çəkinmirlər. Hələ ötən il Qarabağda anti-terror tədbirlərindən əvvəl ermənilərin “blokada” şousuna Avropa siyasətçiləri əməlli-başlı reaksiya nümayiş etdirdilər.

Avropanın siyasi dairələrində geniş müzakirə edildikdən sonra məsələ BMT TŞ-yə çıxarıldı. Fransanın dəstəyi ilə aparılan dinləmələrdə Ermənistanın mövqeyini müdafiə edən dövlətlərdən biri də Almaniya idi. Almaniyanın xarici işlər naziri Annalena Berbokun Təhlükəsizlik Şurasındakı çıxışı isə başdan-başa Azərbaycan əleyhinə olan tezislərdən ibarət idi. Azərbaycana qarşı xüsusi antipatiya nümayiş etdirən Berbok ölkəmizi “etnik” təmizləmədə, “soyqırımı” siyasəti həyata keçirməkdə suçlamaqla bərabər, özünü Fransa prezidentinin vəkili kimi aparırdı. Berbokun çıxışındakı erməni sevgisi özünü daha aydın göstərirdi. Eyni zamanda almaniyalı nazir erməni lobbisi qarşısında götürdüyü öhdəliyi yerinə yetirməliydi. Amma buna nail ola bilmədilər və anti-Azərbaycan siyasətləri iflasa uğradı.

Sonrakı mərhələlərdə də ölkəmizin hədəf seçilməsi və Avropa Parlamentində qərəzli qərarlar, ayrı-ayrı ölkələrin parlamentlərinin Azərbaycanın daxili işlərinə qarışması da ölkəmizə olan düşmənçiliyin davamı idi. Qarabağdan öz xoşlarıyla köçən erməni əhalisinin hüquqlarının müdafiəçisi kimi çıxış edən Almaniya xarici siyasətinin rəhbəri COP29-a da təşrif buyurdu. Səfər Ermənistandan başladı. Hələ Annalena Berbok İrəvanda olanda Ermənistan mətbuatı yazırdı ki, Almaniya Xarici İşlər naziri erməni qaçqınların durumuyla maraqlanıb və onlara dəstək nümayiş etdirib.

Eyni zamanda Bakıda saxlanılan erməni cinayətkarlara görə möhkəm narahatlıq keçirib. Ermənistanda isti qarşılanan, Azərbaycanı asıb-kəsən Berbok COP29-da iştirak etmək üçün Bakıya İrəvandan gəldi. Amma onun gəlişi adi gəlişə bənzəmirdi və almaniyalı nazir Bakıya xüsusi “ittihamlarla” təşrif buyurmuşdu. İqlim dəyişikliyindən başqa bütün mövzulara toxunan Berbok Bakıda Azərbaycan əleyhinə bəyanatlar səsləndirir, ölkəmizi insan haqlarının pozulmasında ittiham edir və nəhayət əsas dərdini deməyə macal da tapır. Erməni məsələsini qabardan Berbok az qala özünü Berlində və Parisdəki kimi aparıb.

Əslində Almaniyanın COP29-da iştirakı böyük maraqla gözlənilirdi. Dünyada atmosferi daha çox çirkləndirən, istixana qazlarını atmosferə atan, qlobal iqlim dəyişikliyinə öz “töhfəsini” verən Almaniyanın üzərinə götürdüyü öhdəliklər nədən ibarət olmalıydı? Bəlkə böyük sənayə müəssisələrinə sahib Almaniyadan karbon emisiyaları atmosferə atılmır? Bəlkə Almaniya dövləti xüsusi texnologiya vasitəsi ilə iqlim dəyişikliyini qoruyur və qlobal istiləşmədə almanların heç bir günahı yoxdur? Birinci sənayə inqilabında böyük pay sahibi olan Almaniya indiyədək atmosferi ən çox çirkləndirən ölkələrdən biridir.

Amma bu ölkənin nümayəndəsini dünyanın başına açdıqları oyun deyil, tədbiri təşkil edən dövlətin daxili siyasəti daha çox maraqlandırır. Ona elə gəlir ki, Avropada oturub hər bir dövlətin işinə burun soxmaq asan məsələdir. Hələ almanların bəşəriyyətin başına gətirdikləri fəlakətin acısı unudulmayıb və Almaniya rəsmisi Azərbaycana ədalət dərsi keçməyə cəhd göstərir.

Utanmadan, çəkinmədən gözümüzün içinə baxaraq ağ yalanlar uydurur, Azərbaycanı ittiham edir. İnsan hüquqları, etnik təmizləmə, nə bilim daha nələr…
Dünyanın gözü qarşısında baş verən Yaxın Şərqdəki qətlam qalıb bir tərəfdə, öz xoşuna ərazilərimizdən gedən beş-on erməninin “pozulan hüquqları”nın qeydinə qalırlar. Bizə diqtə etmək istədikləri Avropa dəyərləri budursa, Azərbaycana belə dəyər lazım deyil.
Seçilən
3
1
demokrat.az

2Mənbələr