Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb.
Sənəddə deyilir: “Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsi və uydurma “Qərbi Ermənistan” anlayışı arasında paralel aparmaq cəhdi qəbuledilməzdir. Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. “Qərbi Ermənistan” ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində və siyasi addımlarında öz əksini tapmış ərazi iddiasıdır.
Bizim insan hüquqlarına əsaslanan haqq işimizi ərazi iddiası ilə müqayisə etmək yolverilməzdir. Bir daha xatırladaq ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə müraciət edərək, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə tam riayət olunmaqla dialoq başlatmağı təklif edib. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayıb və qəsdən İcmanın fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid kimi təhrif edib.
Baş nazir Paşinyan belə yanlış müqayisələr aparmaq əvəzinə, İcmanın dialoq çağırışlarına cavab verməli, Qərbi azərbaycanlıların təhlükəsiz, ləyaqətli qayıdışını təmin etməli, Ermənistanın Konstitusiyasından və digər sənədlərdən Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddialarını dərhal, qeyd-şərtsiz çıxarmaq üzərində işləməli, eyni zamanda, təhlükəli militarizasiya siyasətinə son qoymalıdır”.