AZ

İlk dəfə ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb

24 noyabr tarixində Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.

Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qeyd edilib ki, bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir. Belə ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.
Seçilən
15
16
sherg.az

10Mənbələr