AZ

Xalaqızı, bibiqızı, əmiqızı, dayıqızı bunlar İslamda naməhrəm sayılır? - DİN XADİMİ AÇIQLADI

"Xalaqızı, bibiqızı, əmiqızı, dayıqızı bunlar İslamda naməhrəm sayılır. Bu Qurani-Kərimin Nisa surəsində Allah-təala tərəfindən göndərildiyi bir təlimatdır, qanundur ki, insan kiminlə ailə qura bilərsə, həmin şəxs ona naməhrəm sayılır. Yəni, arada kəbin, nikah olmadan toxunmaq, təmas olmaz. İslam qanunlarına əsasən."O mənim bacımdır", "Bu mənim qardaşımdır" demək kifayət etmir. Danışıqda sərhədləri aşmaq olmaz və bu kimi digər qanunlar bura aiddir". Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

Mircəfər Əyyubov sözlərinə belə davam edib: "Örtüklü olmaq vacibdir, qardaşın, atanın yanında gəzdiyi kimi dayıoğlunun, bibioğlunun, əmioğlunun, xalaoğlunun yanında gəzmək olmaz. Çünki islama görə şeytan istənilən halda vəsvəsə edir, insanı günaha təhrik edir, hətta Qurani-Kərimdə Allah-təala buyurur ki, Allah-təala həm gözlərinizin xəyanətindən xəbərdardır, (bilir gözləriniz necə xəyanət edir, bilir gözucu necə naməhrəmə baxırsınız, bilir gözucu necə şorgözlük edirsiniz və qəlblərinizdə olan niyyətlərinizdən də xəbərdardır). Yəni ola bilər, bir xalaoğlu ilə xalaqızı zahirən desin ki biz bacı-qardaşıq, amma şeytan onun qəlbində vəsvəsə etsin və o bacı-qardaş niyyəti ilə deyil, başqa niyyətlə təmas qursun, söz danışsın, söz atsın və s. Hətta bunlar olmasa da belə bilirsiniz ki, qanun qanundur. Bunun misalını biz başqa sahələrdə görə bilərik. Tutalım, bir nəfər bilmədən yol hərəkət qaydasını pozsa, yenə də yola nəzarət edən qurumlar onu bağışlamır. Çünki qanun qanundur, bildin-bilmədin insanlar arasında təhlükəli vəziyyətlərə gətirib çıxaracaq qanunsuzluqlara yol vermək olmaz. Bu da belədir. Ola bilər kimsə desin ki,yox xalam qızına mən bacı gözü ilə baxıram, dayım oğluna qardaş gözü ilə baxıram və s. Amma İslam dini deyir ki, Allah-təala buyurur ki, birincisi sən ən azından bu qanunsuzluqla bu işin halal olduğunu təbliğ edirsən. Halbuki Allah deyir halal deyil, olmaz. İkincisi biz haradan bilək ki, sənin qəlbindən nə keçir. Yəni azmı olub belə xəyanətlər, təcavüzlər? Azmı olub belə fəsadlar? Odur ki, Allah-təala yəni, bizi yaradan bizim həm fitrətimizdən, həm təbiətimizdən xəbərdar olan, bizi bizdən yaxşı tanıyan varlıq əmr edir ki, Qurani-Kərimdə Kainat və həyat kitabında, qanun kitabında buyurur ki, mən icazə vermirəm mənim haram saydığım münasibətlər olsun.

Qaldı ki, sosial şəbəkələrdə danışmağa qeyd olunduğu kimi danışmaq icazəlidir bir şərtlə ki, sərhədlər aşılmasın. Baxın, kişi ilə qadın, oğlan ilə qız arasında bir maneə olur. Adətən oğlanlar və qızlar o maneəni keçə bilmirlər, bir həya, bir utanmaq sərhəddi olur. O sərhədi keçməyə cəsarət etmirlər. O sərhədi keçmədikcə bir-birilərinə yaxınlaşmaq, fəsad törətmək, günah işlətmək kimi bir variant qalmır. Lakin şeytan sosial şəbəkələr kimi və yaxud xalaqızıdır, dayıoğludur, bibiqızıdır, əmioğludur bəhanələri kimi variantlarla o maneəni aşır. İnsanlara bildirir ki, sən niyə ondan qaçırsan, o da sənin xalan oğludur, o da sənin bibin qızıdı və ya sosial şəbəkələrdə üz-üzü görmür, göz-gözü görmür, utanmır, xəcalət çəkmir, o əngəli, o sərhədi aşır. O sərhədi aşdıqdan, həya pərdəsi götürüldükdən sonra artıq ikisinin də hər şey etməyə cəsarəti çatır. Elə İslamın hicab qanunundan tutmuş bütün naməhrəmlik qanunları buna əsaslanır ki, imkan verməyin aradakı o pərdə götürülsün".

Ayşən Vəli

Seçilən
11
sia.az

1Mənbələr